ELM VƏ TƏHSİL


Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev Almaniyada Leybnits medalı ilə təltif edilmişdir

Bakı, 14 fevral (AZƏRTAC). Fevralın 13-də Berlinin “İnterkontinental” otelində Avropa Azərbaycanlıları Konqresinin (AAK) təşkilati dəstəyi ilə Azərbaycan alimi, Milli Məclisin deputatı, Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyevə Avropanın Əməkdar Elm Xadimi adının, habelə Q.V.Leybnits medalının təntənəli surətdə təqdim edilməsi mərasimi keçirilmişdir. Avropa Təbiət Elmləri Akademiyasının prezidenti V.Q.Tıminski AZƏRTAC-a bildirmişdir ki, E.Quliyev bu ada və medala ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində aktual elmi tədqiqatlara, Avropa ölkələrində elmi dərc edilmiş məqalələrinə, habelə Avropa akademiyaları ilə sıx elmi əlaqələrə görə layiq görülmüşdür.

Tədbirdə Almaniyanın Azərbaycan və Türkiyə diasporlarının nümayəndələri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, habelə alman qonaqlar iştirak etmişlər. Eldar Quliyev çıxış edərək elmi fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirmiş, Azərbaycanın son illərdə qazandığı elmi nailiyyətlər barədə tədbir iştirakçılarına məlumat vermişdir. Milli Məclisin Aqrar Siyasət Komitəsi sədrinin müavini E.Quliyev Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün ölkədə görülən işlərdən, habelə bu sahədə gələcək addımların atılması üçün nəzərdə tutulan tədbirlərdən ətraflı söz açmışdır.

Tədbirdə iştirak edən Avropa Azərbaycanlıları Konqresinin (AAK) fəxri prezidenti Bahəddin Qaya Azərbaycanla Avropa arasında akademik mübadilənin təşkil edilməsində diaspor təşkilatlarının əhəmiyyətli rolunu vurğulamışdır. AAK-ın prezidenti Samirə Pattser-İsmayılova Milli Məclislə Avropadakı Azərbaycan diasporu arasında intensiv əməkdaşlığı yüksək qiymətləndirmişdir.

Bundestaqın sabiq deputatı, Almaniyadakı Azərbaycan-Türk Birliyinin sədri Haqqı Keskin Xocalı faciəsinin yaxınlaşmaqda olan ildönümü və bununla əlaqədar, təmsil etdiyi Birliyin Almaniyada planlaşdırdığı tədbirlərdən söz açmışdır. Keskin bildirmişdir ki, Almaniyadakı türk icması torpaqları hələ də erməni silahlı birləşmələrinin işğalı altında olan Azərbaycan xalqı ilə həmrəydir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.