İQTİSADİYYAT


Azərbaycan Kredit Bürosunda həyata keçirilən sorğuların sayı 2 dəfədən çox artıb

Bakı, 10 iyul, AZƏRTAC

Azərbaycan Kredit Bürosunda kredit təşkilatları tərəfindən həyata keçirilən sorğuların sayı 2 dəfədən çox artıb.

"Azərbaycan Kredit Bürosu" MMC-dən AZƏRTAC-a bildiriblər ki, hazırda büro ilə müqavilə imzalamış təşkilatların sayı 117-yə çatıb. Birinci yarımil ərzində büronun sistemindən 30 bank və 36 BOKT (Bank Olmayan Kredit Təşkilatı) istifadə edib. Qeyd olunan müddətdə büroda banklar və BOKT-lar tərəfindən 665.190 sorğu həyata keçirilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə kredit təşkilatları tərəfindən həyata keçirilmiş sorğuların sayından 2 dəfədən çoxdur.

Qeyd edək ki, 2017-ci ilin müvafiq dövründə analoji sistemdən kredit təşkilatları tərəfindən 330.071 sorğu yerinə yetirilib.

Büroda aparılmış sorğuların 598.535-i banklar, 66.655-i isə 36 bank olmayan kredit təşkilatı tərəfindən həyata keçirilib.

Bu dövr ərzində 1667 nəfər şəxs öz kredit hesabatlarını əldə etmək məqsədilə büroya müraciət edib. Müraciət etmiş şəxslərin 1652-si fiziki, 15-i isə hüquqi şəxslərdir.

Xatırladaq ki, Azərbaycan Kredit Bürosu martın 6-dan kredit tarixçələrinin realizasiyasına başlayıb. "Azərbaycan Kredit Bürosu" MMC ölkədə fəaliyyət göstərən 8 bankın - "Azərbaycan Beynəlxalq Bankı", "Bank Respublika", "Xalq Bank", "Kapital Bank", "PAŞA Bank", "Rabitəbank", "Unibank" və "Ziraat Bank Azərbaycan" ASC-lərin təşəbbüsü ilə yanvarın 15-də yaradılıb. Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.