İQTİSADİYYAT


“Azərbaycan, Latviya və Estoniyanın Elektron Hökumət sahəsində qabaqcıl təcrübələri” mövzusunda seminar keçirilib

Bakı, 7 mart, AZƏRTAC

Latviyanın paytaxtı Riqa şəhərində “Azərbaycan, Latviya və Estoniyanın Elektron Hökumət sahəsində qabaqcıl təcrübələri” mövzusuna həsr edilmiş seminar keçirilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, üç ölkənin dövlət, özəl və QHT sektorlarını təmsil edən təşkilatların nümayəndələrinin iştirak etdiyi seminar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən və Estoniyanın Elektron Hökumət Akademiyası tərəfindən həyata keçirilən “Azərbaycan və Estoniya – Elektron Hökumət sahəsində iki öncül ölkə” layihəsi çərçivəsində baş tutub.

Tədbirdə Azərbaycanda Elektron Hökumət quruculuğu sahəsində əldə edilən nailiyyətlər, eləcə də “ASAN Xidmət” mərkəzləri vasitəsilə dünya miqyasında yeni olan vətəndaşlara sosial yönümlü xidmətlərin göstərilməsi konsepsiyası barədə ətraflı məlumat verilib. Seminarda, həmçinin xüsusi maraqla qarşılanan mövzulardan biri elektron və mobil hökumət konsepsiyasının açar komponenti olan “Asan İmza” mobil elektron imza xidməti və Azərbaycanda onun tətbiqi olub. Tədbir iştirakçıları “Asan İmza” xidmətinin ölkədə istifadəsinin yayılmasını əks etdirən statistik göstəricilərlə tanış edilib. Vurğulanıb ki, istifadəyə verildiyi 2013-cü ildən keçən müddət ərzində “Asan İmza” dünyanın ən dinamik inkişaf edən mobil imza texnologiyası kimi tanınıb.

Bundan əlavə, tədbir iştirakçılarına mobil imza texnologiyasının tətbiqi zamanı ilk dəfə Azərbaycanda istifadə edilmiş “PPP” (public-private partnership, dövlət və özəl sektorların əməkdaşlığı) modeli barədə məlumat verilib.

Ümumilikdə, Azərbaycanın Elektron Hökumətin tətbiqi sahəsində qazandığı təcrübə və bu istiqamətdə tətbiq etdiyi müasir texnoloji və infrastruktur yanaşmalar müsbət qiymətləndirilib və digər ölkələr üçün örnək model kimi səciyyələndirilib.

Qeyd edək ki, “Azərbaycan və Estoniya – Elektron Hökumət sahəsində iki öncül ölkə” layihəsi iki ölkə arasında Elektron Hökumət quruculuğunda birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən kommunikasiya layihəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.