Azərbaycan-Litva əlaqələrinin inkişafında əsas istiqamətlər – Politoloq rəyi
AzerTAg.az

Bakı, 24 may, AZƏRTAC
Prezident İlham Əliyevin Litvaya rəsmi səfəri Azərbaycanın Avropa ölkələri ilə əlaqələrinin güclənməsinin, eyni zamanda, Qərbin ölkəmizə olan marağının daha da artmasının bariz nümunəsidir. Ötən bir il ərzində Azərbaycan və Litva prezidentləri 3 dəfə görüşüblər. Ölkə başçıları 2022-ci ilin mayında Bakıda, 2023-cü ilin yanvar ayında isə Davosda görüşmüşdülər. Bu görüşlər hər iki ölkə üçün xüsusi əhəmiyyət kəsb edir və əməkdaşlığın yeni istiqamətlərinin müəyyən edilməsi baxımdan vacibdir.
Bu sözləri politoloq Ramiz Alıyev AZƏRTAC-a açıqlamasında söyləyib.
Litvanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasında olduğunu xatırladan politoloq əlavə edib: “Qarşılıqlı maraqlar üzərində qurulan ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Vilnüsdə dövlət başçılarının iştirakı ilə ətraf mühit, gənclər və hüquq-mühafizə sahələrində Azərbaycan-Litva sənədləri imzalandı. Keçirilən biznes forumdakı çıxışlar ölkəmizin iqtisadi potensialının yüksək olduğunu və xarici investorlar üçün əlverişli mühitin mövcudluğunu təsdiqlədi. Düşünürəm ki, biznes forum iqtisadi əlaqələrimizin dərinləşməsinə böyük stimul yaradacaq. Statistikaya görə, ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 33 milyon ABŞ dolları təşkil edib. Ölkəmizdə Litvanın 20 kommersiya qurumu fəaliyyət göstərir. Azərbaycandan isə Litvaya 36 milyon ABŞ dolları məbləğində sərmayə qoyulub. Əməkdaşlığın dərinləşməsi üçün güclü potensial var. Yaxın illərdə ticarət dövriyyəsinin bir neçə dəfə artması proqnozlaşdırılır. Xüsusilə də, enerji sahəsində yeni əməkdaşlığın formalaşacağını gözləmək olar. Həm Azərbaycan, həm də Litva yerləşdikləri regionlarda strateji üstünlüklərə malikdirlər. Bərpaolunan enerji, logistika potensialı əməkdaşlıq imkanlarını daha da artırır. Xəzər və Baltik dənizləri günəş və külək enerjilərindən istifadə üçün gözəl fürsətlər yaradır. Azərbaycanın bu istiqamətdə hazırladığı proqramlar Avropa İttifaqı, Avropa Komissiyası tərəfindən dəstəklənir”.
Ramiz Alıyev qeyd edib ki, Litva-Azərbaycan hökumətlərarası komissiyası əməkdaşlıq üçün yeni proqramlar hazırlayacaq. Litva ilə Azərbaycanı bir-birinə təkcə iqtisadi maraqların bağlamadığını vurğulayan politoloq deyib: “Keçmiş SSRİ-nin üzvü olan Litva Avropa İttifaqı ilə yanaşı, NATO-nun da üzvüdür. Bu mənada Litva ilə əlaqələr Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına da müsbət təsir göstərəcək. Vilnüsdə keçirilən brifinqdə Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Litva Azərbaycanla Avropa Komissiyası arasında əlaqələrin güclənməsinə töhfələr verir. Düşünürəm ki, Azərbaycan Prezidentinin Litvaya səfəri ölkələrimiz arasında iqtisadi, siyasi və mədəni əlaqələri daha da gücləndirəcək və hər iki ölkə qarşılıqlı şəkildə bu əməkdaşlıqdan faydalanacaq”.
Xəbərin mətnində orfoqrafik səhv var