Azərbaycan-Litva münasibətlərinin inkişafı üçün geniş perspektivlər mövcuddur – Ekspert rəyi
AzerTAg.az

Bakı, 22 may, AZƏRTAC
Azərbaycan-Litva münasibətləri dərin tarixi köklərə, hər iki xalqın qarşılıqlı səmimi dostluq münasibətlərinə, azad və müstəqil yaşamaq ideallarına söykənir. Təsadüfi deyil ki, hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkəmizdə fəaliyyət göstərən azsaylı diplomatik nümayəndəliklərdən biri də Litvaya məxsus olub. Litvanın Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biri olması da xalqlarımız arasındakı qarşılıqlı münasibətlərin nə qədər yüksək səviyyədə olmasını, həmçinin Litvanın Azərbaycana Cənubi Qafqazın ən əhəmiyyətli ölkəsi kimi verdiyi dəyərin göstəricisidir.
Litva Azərbaycanla strateji tərəfdaş olmaqla yanaşı, ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin inkişafına böyük önəm və töhfə verən dövlətlərdən biridir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli söyləyib.
Onun sözlərinə görə, qarşılıqlı münasibətlərin yüksək səviyyədə olması özünü Azərbaycan və Litvanın dövlət başçılarının davamlı, qarşılıqlı xarakter daşıyan səfərlərində, iki dövlət arasında imzalanan çoxsaylı sənədlərdə də büruzə verir. İki dövlət arasındakı əlaqələrin intensivliyi Azərbaycan-Litva münasibətlərinin inkişafı üçün geniş perspektivlərin olduğundan xəbər verir.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Litva Respublikasına rəsmi səfəri çərçivəsində dövlətlərarası münasibətlərin ən müxtəlif sahələrinin müzakirə predmeti olması, qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı siyasi iradənin ifadə edilməsi Azərbaycan-Litva münasibətlərində yeni və daha intensiv inkişaf mərhələsinin başlandığından xəbər verir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, strateji tərəfdaşlar kimi Litva və Azərbaycan bir-biri ilə uğurla əməkdaşlıq edir. Hər iki ölkə Avrasiyada daha rahat və təhlükəsiz nəqliyyat və kommunikasiya imkanlarının yaradılmasına böyük səylər göstərir və bu istiqamətdə yaxından əməkdaşlıq edirlər. Dünyada hökm sürən yeni geosiyasi reallıqlar Azərbaycanın və Litvanın geostrateji mövqelərini təkcə Cənubi Qafqazda və Baltikyanı ərazilərdə deyil, bütövlükdə Avrasiyada möhkəmləndirib və hər iki ölkə nəqliyyat və enerji dəhlizlərinin diversifikasiyası prosesində fəal mövqe sərgiləyirlər”, - deyə E.Mirzəbəyli diqqətə çatdırıb.
Onun sözlərinə görə, Azərbaycan və Litvanı yaxınlaşdıran amillərdən biri də hər iki ölkənin öz müstəqilliklərini hər şeydən əziz tutmaları, istisnasız olaraq milli maraqlardan çıxış etmələri, Avrasiyada sülhü, əməkdaşlığı, iqtisadi fəallığı təşviq etmələridir.
Siyasi ekspert əlavə edib ki, Litvanın ölkələrin ərazi bütövlüklərinin və suverenliklərinin toxunulmazlığı xüsusunda nümayiş etdirdiyi davamlı və prinsipial yanaşma dövlətlərimizin beynəlxalq münasibətlər sisteminin gələcəyinə olan baxış bucağının yaxınlığından xəbər verir. “Təhlükəsizlik amilinin ön plana keçdiyi bir zaman kəsiyində bu, olduqca vacib faktordur və daha ədalətli dünya nizamının qurulması üçün Azərbaycan və Litva kimi beynəlxalq hüququn norma və prinsiplərinə böyük əhəmiyyət verən, öz siyasətlərində ədalət və humanizm prinsiplərini əsas götürən dövlətlərin strateji tərəfdaşlığının inkişafı mühüm önəm daşıyır.
Xəbərin mətnində orfoqrafik səhv var