CƏMİYYƏT
Azərbaycan Lyonda Qlobal Fondun konfransında təmsil olunur
Lyon, 10 oktyabr, AZƏRTAC
Fransanın Lyon şəhərində QİDS, vərəm və malyariya xəstəliklərinə qarşı mübarizə üzrə Qlobal Fondun fəaliyyətini maliyyələşdirmək və 2030-cu ilədək bu epidemiyalara son qoymaq üçün Fondun VI konfransı keçirilir. Məqsəd zəruri çağırışlara cavab vermək üçün 14 milyard dollar toplamaqdır.
AZƏRTAC xəbər verir ki, konfransda ölkəmizi Səhiyyə Nazirliyinin nümayəndəsi təmsil edir.
Qlobal Fondun yenidən maliyyələşdirilməsi məqsədilə 3 il əvvəl 12.2 milyard dollar toplanılıb. İki həftə əvvəl Fransa Prezident E. Makron BMT Baş Assambleyasında çıxışı zamanı 14 milyard dollara ehtiyac olduğunu diqqətə çatdırıb. Bu məbləğ cari ilin yanvar ayında Qlobal Fondu tərəfindən müəyyən edilib. Bunun qarşıdan gələn 10 il müddətində dünya səhiyyəsi üçün təhlükə yaradan bu 3 yoluxucu xəstəliklə mübarizəyə dair məqsədlərə çatmaq üçün minimum məbləğ olduğu qeyd edilib. Ancaq bir çox QHT-lər bu məbləğin qaneedici olmadığını, əslində 16-18 milyard dollara ehtiyac olduğunu bildiriblər.
Konfransın işində 700 nümayəndə iştirak edir, onlardan 10-u dövlət və hökumət başçısıdır.
Qeyd edək ki, 2002-ci ildə yaradılan Qlobal Fond dövlətlər arasında tərəfdaşlıq platformasıdır. Qlobal Fond yarandığı dövrdən bu günədək 32 milyon insanın həyatını xilas etdiyini bildirir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Lyon