İQTİSADİYYAT
Azərbaycan Macarıstanla işğaldan azad edilmiş ərazilərə xarici investorların cəlbini müzakirə edib
Bakı, 26 noyabr, AZƏRTAC
Azərbaycan və Macarıstan işğaldan azad edilən ərazilərə xarici investorların cəlb olunmasını müzakirə edib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildirilib ki, qurumun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev ilə Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi arasında onlayn görüş keçirilib. Y.Abdullayev ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.
Səfir ölkəsinin Azərbaycanla əlaqələrinin inkişafına önəm verdiyini qeyd edib, iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə iki ölkə arasında iqtisadi və investisiya sahələrində ikitərəfli əməkdaşlıq məsələləri, qarşılıqlı ixrac və investisiyaların artırılması və işğaldan azad olunmuş ərazilərə xarici investorların cəlb edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.