İQTİSADİYYAT


Azərbaycan memarlarının XX qurultayı keçirilib

Bakı, 9 dekabr, AZƏRTAC

Dekabrın 9-da Bakı şəhərində Azərbaycan memarlarının XX yubiley qurultayı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvləri və İttifaqın fəalları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə əklil qoyulub, tər güllər düzülüb.

Həmçinin Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib və “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulublar.

Tədbirdən əvvəl iştirakçılar və qonaqlar Beynəlxalq Muğam Mərkəzinin foyesində təşkil olunmuş “Azərbaycan memarlarının nailiyyətləri” sərgisi ilə tanış olublar. Qurultayın açılışında Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə memarlıq sənətinin təbliğində və inkişafında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük rolunu qeyd edib.

Qurultayda iştirak edən Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin qurultay iştirakçılarına ünvanlandığı məktubunu oxuyub. 

Sonra Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Memarlar İttifaqı ilə uzun illər davam edən səmərəli əməkdaşlıqdan, tarixi-mədəni abidələrimizin bərpası sahəsində birgə görülən işlərdən danışıb. Nazir, həmçinin memarlıq sənətinin inkişafında göstərdikləri xidmətlərə görə bir qrup memara Mədəniyyət Nazirliyinin təltiflərini təqdim edib.

Bakı şəhəri İcra Hakimiyyəti aparatının rəhbəri Ayaz İmaməliyev Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun adından qurultay iştirakçılarını salamlayıb və bir neçə memara Bakı şəhəri icra Hakimiyyətinin Fəxri Fərmanlarını təqdim edib. Bundan sonra Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin və digər rəsmi qonaqların çıxışları dinlənilib.

Qurultayda Beynəlxalq Memarlar İttifaqının prezidenti Xose Luis Kortesin, Rusiya Memarlar İttifaqının prezidenti, MDB ölkələri Memarlar İttifaqlarının Beynəlxalq Assosiasiyasının prezidenti Nikolay Şumakovun, Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin prezidenti, akademik Andrey Bokovun salamları səsləndirilib.

Sonra Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin Plenumunun 2022-ci il 25 noyabr tarixli qərarına əsasən, bir neçə memara “Akademik Mikayıl Useynov” xatirə medalı və “Ustad Memar” yüksək peşəkarlıq şəhadətnamələri təqdim olunub.

Mükafatlandırma başa çatdıqdan sonra Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə 2017-2022-ci illər ərzində İttifaqın fəaliyyəti barədə hesabatla çıxış edib.

Qeyd olunub ki, hesabat dövründə Memarlar İttifaqının 24 üzvü fəxri adlara layiq görülüb. Ötən 5 il ərzində Azərbaycan Memarlar İttifaqının təşəbbüsü, Beynəlxalq Memarlar İttifaqının dəstəyilə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə 2019-cu və 2021-ci ildə iki Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi keçirilib. Eləcə də, 2019-cu ildə ilk dəfə olaraq Beynəlxalq Memarlar İttifaqının “Tarixi şəhərlərdə kütləvi turizm” mövzusunda Birinci Memarlıq Forumu Bakıda keçirilib. Forumda dünyanın 100-dən çox ölkəsindən 500 nəfərə yaxın xarici həmkarımız iştirak edib.

Diqqətə çatdırılıb ki, 2022-ci il oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən Bakıda tanınmış memarlar Sadıx Dadaşovun və Mikayıl Useynovun birgə abidəsinin qoyulması haqqında Sərəncam imzalanıb. Ondan 1 il əvvəl Memarlar İttifaqının təşəbbüsü və Mədəniyyət Nazirliyinin sifarişi ilə bu iki ustad memar haqqında “Yaradanlar” sənədli filmi çəkilib.

Qurultayda Memarlar İttifaqının Təftiş Komissiyasının sədri Nizami Şıxzamanovun hesabatı dinlənilib.

Hesabat məruzələri dinlənildikdən sonra qurultay nümayəndələri tərəfindən Memarlar İttifaqının fəaliyyətinə dair rəy və təkliflər səslənib, İttifaqın fəaliyyətinə qiymət verilməsi barədə müvafiq qərar qəbul edilib.

Daha sonra Memarlar İttifaqının katibi Rüfət Ağazadənin Memarlar İttifaqının Nizamnaməsinin yeni redaksiyası haqqında çıxışı dinlənilib. Qurultayda növbəti 5 il müddətinə Memarlar İttifaqının İdarə Heyətinin sədri vəzifəsinə namizədlər irəli sürülüb. Açıq səsvermə yolu ilə Elbay Qasımzadə yekdilliklə yenidən İdarə Heyətinin sədri seçilib.

Ardınca Azərbaycan Memarlar İttifaqı yanında yaradılmış Ağsaqqallar Şurasının Əsasnaməsinin layihəsi müzakirə olunub və qəbul edilib. Bundan əlavə, növbəti 5 ildə İttifaqın İdarə Heyətinin, Təftiş Komissiyasının və Ağsaqqallar Şurasının tərkibi gizli səsvermə yolu ilə müəyyən olunub.

Qurultayın sonunda Azərbaycan memarlarının XX qurultayının Qətnaməsi oxunub və qəbul edilib. Sonda qurultay nümayəndələrinin Prezident İlham Əliyevə müraciəti oxunub. Qurultay sona yetdikdən sonra Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin Birinci təşkilati plenumu keçirilib və növbəti 5 ildə fəaliyyət göstərəcək Katiblik üzvləri müəyyən olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.