ELM VƏ TƏHSİL
Azərbaycan Memarlıq və İnşaat Universiteti Brandenburq Texniki Universiteti ilə əməkdaşlıq edəcək
Bakı, 14 mart, AZƏRTAC
Almaniyanın Brandenburq Texniki Universitetinin (BTU) alimlərindən ibarət nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüb.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, rektor qonaqlara müxtəlif layihələr çərçivəsində Almaniyanın bir çox universitetləri ilə əməkdaşlıq əlaqələrinin qurulması barədə məlumat verib. O qeyd edib ki, BTU ilə tanışlığın bünövrəsi ötən ildən qoyulub. Əməkdaşlığın səmərəli istiqamətlərdə inkişafının vacibliyini vurğulayan G.Məmmədova tələbə-müəllim mübadiləsinin, ikili diplom proqramlarının həyata keçirilməsi, elm sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə təlim və elmi konfransların keçirilməsi, qış və yay məktəblərinin təşkil olunması təkliflərini irəli sürüb.
BTU-nun rəsmisi, professor Silvo Simon səmimi qəbul üçün təmsil olunduğu universitetin rəhbərliyi adından AzMİU-nun rektoruna təşəkkür edib. AzMİU-nun bəzi ixtisasları üzrə onlarda da mütəxəssis hazırlandığını deyən qonaq əməkdaşlığın bu istiqamətdə qurulmasının məqsədəuyğun olduğunu bildirib. O, memarlıq, inşaat, ekologiya münəhdisliyi, enerji təhlükəsizliyi, inşaat fizikası və s. sahələrdə işbirliyinin qurulmasının hər iki tərəf üçün faydalı olacağını deyib.
Görüşün sonunda AzMİU ilə BTU arasında əməkdaşlıq memorandumu imzalanıb.