ELM VƏ TƏHSİL
Azərbaycan Memarlıq və İnşaat Universiteti TİKA ilə əlaqələrini genişləndirir
Bakı, 20 fevral, AZƏRTAC
Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) Bakıda proqram əlaqələndiricisi Adəm Urfa Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüb. Görüşdə TİKA ilə AzMİU arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, TİKA-nın Türkiyə ilə Azərbaycan arasında körpü rolunu oynadığını diqqətə çatdıran A.Urfa bu qurumun ölkəmizdə həyata keçirdiyi birgə layihələrdən danışıb, eləcə də Azərbaycanın ali təhsil müəssisələrində gördüyü işlər barədə məlumat verib. Qonaq memarlıq və inşaat ali təhsilinin öncülü sayılan AzMİU ilə ikitərəfli əlaqələrin yeni istiqamətlərdə qurulmasında maraqlı olduqlarını vurğulayıb, universitet rəhbərliyinə istənilən layihənin reallaşmasında dəstək olacaqlarını bildirib və işbirliyi təklif edib.
G.Məmmədova Azərbaycanda təhsilin inkişafına, ali məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə göstərdikləri dəstəyə görə qurumun təmsilçilərinə təşəkkür edib. Rektor rəhbərlik etdiyi universitetlə TİKA-nın əməkdaşlığını yüksək dəyərləndirib. Yeni tədris ilinin əvvəlində TİKA-nın AzMİU-nun memarlıq fakültəsinə 3 D skayner hədiyyə etdiyini yada salan rektor tədris prosesində bu texnologiyanın böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, bundan sonra ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, yeni istiqamətlərin müəyyənləşdirilməsi üçün zəruri addımların atılacağını qonaqların diqqətinə çatdırıb və yeni əməkdaşlıq təklifinə görə minnətdarlığını bildirib.