ELM VƏ TƏHSİL
Azərbaycan Memarlıq və İnşaat Universitetində “Məzun günü”
Bakı, 2 iyul, AZƏRTAC
İyulun 2-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2020-2021-ci tədris ili məzunlarının təntənəli buraxılış mərasimi keçirilib. Universitetin həyətində keçirilən tədbirdə mövcud pandemiya qaydaları nəzərə alınaraq ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan məzunlar, professor-müəllim heyəti, dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Bu barədə AZƏRTAC-a AzMİU-dan məlumat verilib. Bildirilib ki, tədbiri açan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova məzunları təbrik edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb, təhsil aldıqları universitetin adını daim uca tutmağı tövsiyə edib. “Əziz məzunlar! Dörd il əvvəl həyatınızda ən böyük uğura imza ataraq tələbə adını qazandınız. Bu gün isə böyük bir şərəf və iftixarla AzMİU-dan ayrılırsınız, məzun olursunuz. Dörd illik bir mərhələni keçərək qazandığınız diplomla həyatınızın müstəqil, eyni zamanda, daha məsuliyyətli dövrünə qədəm qoyursunuz. Siz bu gün qalib ölkənin, zəfər ilinin məzunlarısınız! Qəhrəman oğullarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edərək Vətənimizin ərazi bütövlüyünü bərpa etdi. Həmin Vətən torpaqlarında bizi böyük işlər gözləyir, işğaldan azad olunmuş ərazilərimizin bərpasına, yenidən qurulmasına, inanıram ki, siz də öz töhfələrinizi verəcəksiniz. Sizə bu yolda böyük uğurlar diləyirəm”.
Rektor builki məzunların nəticələrindən də danışıb. Qeyd edib ki, cari tədris ilində universitetin bakalavriat səviyyəsində 26 ixtisas üzrə 1680, magistratura səviyyəsində 21 ixtisaslaşma üzrə 180, İnşaat Kollecində 325, liseyində isə 23 məzun var. Tələbələrin böyük hissəsi oxuduğu müddətdə yaxşı nəticələr göstərib. Bu il 4 məzun universiteti fərqlənmə diplomu ilə bitirir.
G.Məmmədova AzMİU-nu fərqlənmə ilə bitirən məzunlara fərqlənmə diplomlarını təqdim edib.
Tədbirdə iştirak edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Memarlar İttifaqının sədri Elbay Qasımzadə universitetin müxtəlif fakültələrini əla qiymətlərlə bitirmiş tələbələrə diplomları təqdim edib, onlara gələcək karyeralarında uğurlar arzulayıblar.