ELM VƏ TƏHSİL


Azərbaycan Memarlıq və İnşaat Universitetində görkəmli alimin 100 illik yubileyi qeyd edilib

Bakı, 14 fevral, AZƏRTAC

Fevralın 14-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) görkəmli memar, Beynəlxalq Şərq Ölkələri Memarlıq Akademiyasının həqiqi üzvü, professor Davud Axundovun 100 illik yubileyinə həsr edilmiş “Memarlıq irsinin tədqiqi və mühafizəsi” mövzunda elmi-praktik konfrans keçirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, AzMİU, Təhsil Nazirliyi və Azərbaycan Memarlar İttifaqının dəstəyi və təşkilatçılığı ilə reallaşan konfransda yerli mütəxəssislərlə yanaşı, xarici ölkələrdən qonaqlar da iştirak ediblər.

Konfransda Qafqaz Albaniyasının memarlıq irsi, Azərbaycanın memarlıq abidələrinin tədqiqi və qorunmasının aktual problemləri, memarlıq abidələrinin müasir şəraitdə istifadəsi və digər məsələlər müzakirə olunub.

Əvvəlcə tədbir iştirakçıları universitetin memarlıq fakültəsinin foyesində alimin layihələrindən, elmi araşdırmalarından, kitablarından ibarət sərgi ilə tanış olublar.

Konfransda AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova görkəmli alimin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Qeyd edilib ki, D.Axundov 1918-ci ildə Bakı şəhərində, Azərbaycanın ilk diplomlu elektrik-mühəndisi olmuş, Belçika Lyej Kral Universitetini bitirmiş ziyalı Ağa Axundovun ailəsində dünyaya gəlib. O, orta məktəbi bitirdikdən sonra 1937-ci ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq-inşaat fakültəsinə daxil olub, 1942-ci ildən layihəçi-memar kimi əmək fəaliyyətinə başlayıb.

Alimin elmi və pedaqoji fəaliyyətinin yüksək qiymətləndirildiyini qeyd edən G.Məmmədova bildirib ki, D.Axundova 1982-ci ildə “Azərbaycan SSR-in əməkdar ali məktəb işçisi” fəxri adı verilib, onun “Azərbaycanın qədim və erkən orta əsrlər dövrü memarlığı” akademik monoqrafiyası 1990-ci ildə Dövlət Mükafatına layiq görülüb. D.Axundov 1992-ci ildə Beynəlxalq Şərq Ölkələri Memarlıq Akademiyasının həqiqi üzvü seçilib, 2000-ci ildə “Şərəf” ordeni ilə təltif edilib, 2002-ci ildə Prezident təqaüdünə layiq görülüb.

Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbay Qasımzadə, Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Ərtegin Salamzadə, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Daşkənd Memarlıq və İnşaat Universitetinin professoru Muhammed Əhmədov alimlə bağlı xoş xatirələrini söyləyiblər.

Sonda D.Axundovun oğlu Cəmil Axundov atasının xatirəsinə göstərilən yüksək hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.

Konfrans işini bölmə iclasında davam etdirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.