ELM VƏ TƏHSİL
Azərbaycan Memarlıq və İnşaat Universitetində mühəndislik elmi üzrə innovativ texnologiyalar barədə müzakirələr aparılıb
Bakı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 29-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Mühəndislik elmində innovativ texnologiyalar” mövzusunda beynəlxalq simpozium təşkil olunub. AzMİU, Türkiyənin Sakarya Universiteti, “Akademik Platform” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyə, İngiltərə, Macarıstan və digər ölkələrdən 150-dək alim iştirak edib.
AZƏRTAC xəbər verir ki, beynəlxalq simpoziumun iştirakçıları əvvəlcə universitetin həyətində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.
Universitetin akt zalında işə başlayan simpoziumda mühəndislik elminin əsas istiqamətləri üzrə son illər əldə edilmiş nailiyyətlər müzakirə olunub.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ölkəmizdə elmin inkişafına göstərilən dövlət qayğısından, elmi-texniki tərəqqinin son nailiyyətlərindən danışıb. G.Məmmədova son illərdə ölkəmizdə bütün sahələrdə böyük tərəqqinin baş verdiyini, Azərbaycanın regionda iqtisadi cəhətdən lider dövlətə çevrildiyini, xüsusilə elm və təhsil sahəsində inkişafın müşahidə edildiyini diqqətə çatdırıb. Simpoziumun aktual mövzuya həsr olunduğunu qeyd edən rektor deyib: “Dünyada elmi təqdqiqatların platforması olan beynəlxalq simpoziumun beşinci dəfə AzMİU-da keçirilməsi təsadüfi deyil. Çünki inşaat və su təsərrüfatı sahələrində ən güclü mütəxəssislər bu ali təhsil müəssisəsində hazırlanır”. Rektor simpoziumun elmi əməkdaşlıq və təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb. Bildirilib ki, simpozium AZMİU-nun müəllimlərinin gələcək elmi fəaliyyətinə təkan verəcək.
Sakarya Universitetinin texnologiya fakültəsinin dekanı, professor Mehmet Sarıbıyık simpoziumun işinə uğurlar arzulayıb. O, bildirib ki, simpoziumun məqsədi mühəndislik elmi üzrə innovativ texnologiyalar sahəsində əməkdaşlığı daha da inkişaf etdirməkdir.
Simpoziumun plenar iclasında “Mətanət A” şirkətinin prezidenti Elxan Bəşirovun “Azərbaycanda inşaat materialları sənayesində innovativ texnologiyaların tətbiqi” mövzusunda məruzəsi dinlənilib.
Beynəlxalq simpozium işini bölmə iclasları ilə davam etdirib.