ELM VƏ TƏHSİL
Azərbaycan Memarlıq və İnşaat Universitetini bu il 132 əcnəbi məzun bitirib
Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2017-2018-ci tədris ili məzunlarının təntənəli buraxılış mərasimi keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, mərasimdə dövlət qurumlarının, səfirliklərin nümayəndələri, Milli Məclisin deputatları, şirkət rəhbərləri, AzMİU-nun fəxri məzunları, valideynlər və digər qonaqlar iştirak ediblər.
Tədbirdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova məzun adını qazanan tələbələri təbrik edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb, təhsil aldıqları universitetin adını daim uca tutmağı tövsiyə edib. Rektor zəngin elm və təhsil ənənələrinə malik olan universitetin həyatında 43-cü təntənəli buraxılış gecəsinin keçirildiyini deyib: “Başa vurduğumuz tədris ilində universiteti bakalavriat səviyyəsində 22 ixtisas üzrə 1130 nəfər, magistratura səviyyəsində 38 ixtisaslaşma üzrə 227 nəfər olmaqla cəmi 1357 gənc bitirir. Tələbələrimizin böyük hissəsi oxuduğu müddətdə yaxşı nəticələr göstərib, 4 bakalavr, 16 magistr fərqlənmə diplomuna layiq görülüb. Bakalavriat səviyyəsi üzrə məzunlarımızdan 337 nəfər magistratura səviyyəsinə uğurla imtahan verərək ali təhsilin ikinci pilləsinə keçib. Sevindirici haldır ki, ilkin məlumatlara görə, onlardan 40-ı xarici ölkələrin universitetlərinin magistr proqramlarına qəbul olunub. Magistratura səviyyəsini bitirən gənclərimizdən 4-ü TEMPUS layihəsi çərçivəsində ekologiya mühəndisliyi ixtisası üzrə AzMİU ilə İspaniyanın Koruna Universitetinin ikili diplom proqramı ilə təhsil alıb. Daha 4 magistrimiz TEMPUS layihəsi çərçivəsində hazırlanmış enerji menecmenti ixtisası üzrə təhsillərini tamamlayıb”.
Qeyd edilib ki, bu il AzMİU-nu bitirənlər arasında Türkiyə, İran, Rusiya, Türkmənistan, Sierra-Leone, Qazaxıstan, Gürcüstan, və Suriyadan olan 132 (126 bakalavr +6 magistr) məzun da var. Rektor çıxışında onu da vurğulayıb ki, AzMİU-da 3 dildə təhsil aparıldığından builki buraxılışda 95 nəfər rus və 28 nəfər isə ingilis dilində təhsillərini başa vurub.
Sonra AzMİU-nu fərqlənmə diplomu ilə bitirən məzunlara rektorun təbrik məktubu oxunub. Universitetin müxtəlif fakültələrini əla qiymətlərlə bitirmiş tələbələrə fərqlənmə diplomları təqdim edilib. Universitetin ictimai işlərində xüsusi fəallıqları ilə seçilən bir neçə tələbə isə G.Məmmədova tərəfindən təltifnamələrlə mükafatlandırılıb.
Məzunlar ali təhsil ocağında rektorluq və müəllim kollektivi tərəfindən hər zaman qayğı və diqqətlə əhatə olunduqlarını söyləyərək universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Tədbir konsert proqramı ilə davam edib.