İQTİSADİYYAT


Azərbaycan Mərkəzi Bankı tədavülə yenilənmiş pul nişanları buraxır

Bakı, 8 dekabr, AZƏRTAC

Beynəlxalq təcrübədə pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi, ən son texnologiya və innovasiyaların tətbiqi və insanların məmnunluğunun təmin edilməsi məqsədilə mərkəzi banklar tərəfindən dövri olaraq pul nişanlarının dizaynında və mühafizə sistemlərində yenilənmələr aparılır. Azərbaycan Mərkəzi Bankı (AMB) da beynəlxalq təcrübəni nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinin qərarları əsasında pul nişanları sahəsində ən son innovasiyaların, nano və mikro texnologiyaların tətbiqi ilə milli pul nişanlarımızın mövcud konsepsiya çərçivəsində yenilənməsi proseslərinə başlayıb və bu çərçivədə cari ilin əvvəlindən yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları tədavülə buraxılıb. Proseslərin davamı olaraq, “Qarabağ” mövzusuna həsr olunan 20 manatlıq pul nişanının mühafizə sistemləri və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib.

AMB-dən AZƏRTAC-a bildirilib ki, Mərkəzi Bank yenilənmiş dizayna və mütərəqqi mühafizə sistemlərinə malik 20 manatlıq pul nişanının fevralın 10-dan tədavülə buraxılmasını elan edir. Yenilənmiş 20 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq 3D effektində rəngi dəyişən holoqram, möcüzəvi “Spark Live” elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən təsvirlər), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının dövlət gerbi və müvafiq nominalın rəqəmlə təsviri), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanlarının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanlarının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və sair tətbiq olunub. Hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 20 manatlıq pul nişanına uyğunlaşdırılması (adaptasiyası) proseslərinə başlanılıb.

Eyni zamanda, Mərkəzi Bank tərəfindən 20 qəpiklik metal pul nişanının dizaynı yenilənərək tədavülə buraxılıb. Belə ki, yenilənmiş 20 qəpiklik üzərində dövlət gerbi və istehsal ili əlavə olunub. Yenilənmiş 20 qəpiklik pul nişanının texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz olaraq saxlanılıb. Yenilənmiş 20 manatlıq kağız pul nişanı və 20 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.