MƏDƏNİYYƏT
Azərbaycan Mətbəxi Festivalı ikinci dəfə italyanları heyran edib VİDEO
Roma, 28 noyabr, AZƏRTAC
Romanın “Westin Excelsior Rome” otelində Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycanın İtaliyadakı səfirliyi və İtaliya-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə İtaliyada ikinci Azərbaycan mətbəxi festivalının təntənəli açılışı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İtaliya hökumətinin, parlamentinin nümayəndələri, mədəniyyət, incəsənət, kulinariya aləminin tanınmış simaları, kütləvi informasiya vasitələrinin təmsilçiləri, habelə diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə bildirib ki, ötən illərdə olduğu kimi, bu il də ölkəmizin mədəniyyətinin İtaliyada tanıdılması istiqamətində çoxsaylı tədbirlərlə yadda qalıb. İtaliyada ikinci dəfə keçirilən Azərbaycan mətbəxi festivalının təşkilində məqsədin ölkəmizin zəngin mədəniyyətinin tərkib hissəsi və xalqımızın əsrlərboyu formalaşmış tarixi dəyəri olan kulinariya ənənələrimizin italyanlara tanıdılması olduğunu deyən səfir qeyd edib ki, 2017-ci ildə keçirilmiş festival da yerlilərin və qonaqların həddən artıq xoşuna gəlmişdi və bu il də tədbirə maraq olduqca böyükdür.
Vurğulanıb ki, 2020-ci il İtaliyada keçiriləcək Azərbaycan Mədəniyyət ili çərçivəsində də təşkil olunacaq tədbirlər zamanı ölkəmizin milli dəyərləri, tarixi, mədəniyyəti italyan xalqına təqdim olunacaq.
İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi isə festivalın keçirilməsinin Azərbaycan mətbəxi ilə yanaşı, adət və ənənələrinin, habelə qonaqpərvərliyinin bariz nümunəsi kimi dəyərləndirib. Eyni qonaqpərvərliyi hazırda Azərbaycanda keçirilən İtalyan Mətbəxi Həftəsi çərçivəsində həmvətənlərinin də gördüyündən əminliyini ifadə edən xanım Traldi iki ölkə arasındakı dostluğu yüksək qiymətləndirdi. O vurğuladı ki, Azərbaycan brendlərinə maraq İtaliyada gündən-günə artır.
Tədbirdə İtaliyanın məşhur “Polaris nəşriyyat evi” tərəfindən yenicə dərc olunmuş “Azərbaycan bələdçisi” kitabı da təqdim olunub. Azərbaycanla bağlı ilk dəfə dərc olunan bu turizm bələdçisi ölkəmizin tarixi-mədəni irsi, turizm potensialı, görməli yerləri, milli mətbəxi ilə bağlı mətnləri bu məqsədlə ölkəmizə səfər etmiş italyan jurnalistləri Françesko Neri və Cusi Palumbo tərəfindən hazırlanıb.
Tədbirdə çıxış edən “Polaris nəşriyyat evi”nin direktoru Daniele Bosi “Azərbaycan bələdçisi” kitabının italyan oxucuları və turistlərinə Azərbaycanın tanıdılması və İtaliyadan Azərbaycana turist axınının artırılması məqsədi daşıdığını, kitabın artıq İtaliyanın məşhur kitab mağazaları şəbəkələrində satışa çıxarıldığını və böyük marağa səbəb olduğunu deyib.
Sonra milli mətbəximizin ən qədim, məşhur və yeni dadları qonaqlara təqdim olunub. Bunlar arasında mətbəximizin şahı olan plov çeşidləri, dolmalar, qutablar, milli şirniyyatlar və daha bir çox çeşid yer alıb. Həmçinin qonaqlara Azərbaycan qonaqpərvərliyinin simvolu olan çay ənənələri də nümayiş etdirilib.
Tədbir zamanı Azərbaycan klassik musiqisinin şah əsərlərindən parçalar səsləndirilib.
Yerli Azərbaycan brendlərinin, o cümlədən şərabların, çayların, şirələrin də nümayiş etdirildiyi festival üç gün davam edəcək.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma