İDMAN


Azərbaycan Milli Abilimpiya Federasiyası ilə UNICEF-in ölkəmizdəki nümayəndəliyi arasında memorandum imzalanıb

Bakı, 2 dekabr, AZƏRTAC

Dekabrın 2-də Azərbaycan Milli Abilimpiya Federasiyası (AMAF) ilə UNICEF-in ölkəmizdəki nümayəndəliyi arasında anlaşma memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandumun imzalanması AMAF-ın prezidenti İlqar Rəhimov, UNICEF-in Azərbaycan nümayəndəliyini rəhbəri Edvard Karvardin və Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi arasında videokonfrans formatında keçirilən görüş çərçivəsində baş tutub.

AMAF və UNICEF-in Azərbaycan nümayəndəliyi arasında anlaşma memorandumunu İ.Rəhimov və E.Karvardin imzalayıblar. Memorandum AMAF-ın 2020-2024-cü illər üçün Strateji Fəaliyyət Planına töhfə verəcək fəaliyyətin inkişafı və yerinə yetirilməsinə dair müstəsna münasibətləri əhatə edəcək.

Memorandumun 3 dekabr - Beynəlxalq Əlillər Günü ərəfəsində imzalanmasının önəmini vurğulayan İ.Rəhimov bildirib ki, artıq federasiya dövlət qeydiyyatından keçib və Beynəlxalq Abilimpiya Federasiyasına üzv seçilib. Federasiya Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzi, Gənclər və İdman Nazirliyi, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Sosial Təşəbbüslər Mərkəzi və Təhsil Nazirliyinin peşə-təhsil sistemi ilə sıx əməkdaşlıq edəcək. Abilimpiya hərəkatı vasitəsilə ölkəmizdə yaşayan əlilliyi olan şəxslər öz peşə bacarıqlarını inkişaf etdirməklə gələcəkdə məşğulluq və özünüməşğulluq proqramlarına qatılacaqlar. Azərbaycanda Abilimpiya Hərəkatı üçün qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi, eyni zamanda, özəl sektoru təmsil edən qurumlar da daxil olmaqla, qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyət göstərmək üçün işlər görüləcək. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Vətən müharibəsində iştirak etmiş qazilərin də bu hərəkata cəlb edilməsi ilə bağlı iş aparılacaq.

“2021-ci ildə Moskvada keçiriləcək X beynəlxalq abilimpiya çempionatında iştirak edəcək milli komandanın formalaşdırılması məqsədilə yerli yarışların keçirilməsi də nəzərdə tutulub. Bu yarışlarda əlilliyi olan şəxslər 100-dən çox peşə sahələrində bacarıqlarını göstərəcəklər”, - deyə İ.Rəhimov əlavə edib.

E.Karvardin AMAF ilə əməkdaşlığa böyük önəm verdiklərini deyib. Bildirib ki, abilimpiya hərəkatında iştirak etmək üçün uyğun gələn sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin məlumat bazası yaradılacaq. Uşaq və gənclərin abilimpiya bacarıqlarına yönəlmiş fəaliyyətləri hazırlanacaq, təhsil sistemi də daxil olmaqla, sosial məlumatlandırma və ümumiyyətlə sosial inklüzivlik vasitəsilə Azərbaycanda bu hərəkatın təşviqi üzrə birgə maraqların qorunması üçün işlər görüləcək.

Səfir V.Cüniçi Yaponiyanın abilimpiya dəyərlərinə önəm verdiyini bildirib. AMAF ilə Tokioda yerləşən Beynəlxalq Abilimpiya Federasiyası arasında əlaqələrin qurulmasının vacibliyini vurğulayan səfir deyib: “Müxtəlif sahələrdə sosial proqramlar çərçivəsində birgə iş qurulmasını dəstəkləyirik”.

Görüşdə federasiyanın inkişafı üçün birgə proqramların hazırlanması və gələn il Yaponiyada baş tutacaq “Milli abilimpiya günləri”ndə AMAF-ın nümayəndə heyətinin iştirakı təklif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.