İDMAN


Azərbaycan Milli Antidopinq Agentliyinin əməkdaşları beynəlxalq inspektor statusu alacaq

Bakı, 7 iyul, AZƏRTAC

İyulun 7-də Beynəlxalq Test Agentliyinin beynəlxalq dopinq nəzarəti inspektorları üçün təlim-sertifikat proqramına start verilib.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) AZƏRTAC-a bildiriblər ki, bu proqramda iştirak üçün aralarında AMADA-nın da olduğu dünya üzrə cəmi səkkiz milli və regional antidopinq agentliyi müəyyənləşdirilib. AMADA proqramın hazırlanmasında təcrübələrini bölüşməklə və təklifləri ilə layihəyə töhfəsini verib. Ümumilikdə proqrama cəlb olunan bütün təşkilatlar dünyada keyfiyyətli testin təşviqi üçün Beynəlxalq Test Agentliyi ilə səylərini birləşdirib.

Proqramın məqsədi dünyada antidopinq sahəsində testlərin keyfiyyətinin artırılması üçün səylərin birləşdirilməsi və qabaqcıl təcrübələri təhlil edərək ən yaxşı standartların müəyyənləşdirilməsidir. Bu proqramın digər hədəfi yarışmadan kənar və beynəlxalq idman yarışlarında, o cümlədən dünya çempionatları, Olimpiya Oyunları və digər böyük yarışlarda dopinq nəzarətini həyata keçirmək üçün Ümumdünya Antidopinq Agentliyinin uyğunluq standartlarına cavab verən peşəkar mütəxəssislər hazırlamaqdır.

Proqram çərçivəsində AMADA-nın inspektorları xüsusi seminarlara cəlb ediləcək. Seminarların nəticəsində iştirakçılara beynəlxalq inspektor statusu verən sertifikatlar təqdim olunacaq.

Proqram antidopinq üzrə beynəlxalq mütəxəssislərin rəyləri və Ümumdünya Antidopinq Agentliyinin standartları nəzərə alınmaqla hazırlanıb. Beynəlxalq Test Agentliyi COVID-19 pandemiyasını nəzərə alaraq təlimləri bu yay onlayn keçirəcək. Ənənəvi seminarların yeri və vaxtı isə yaxın gələcəkdə ev sahibi təşkilatlarla razılaşdırıldıqdan sonra təsdiqlənəcək.

Qeyd edək ki, Azərbaycan 2019-cu ildən Beynəlxalq Test Agentliyi ilə əməkdaşlıq edir. Həmin proqrama AMADA ilə yanaşı, Avstraliya, Belarus, Böyük Britaniya, Çin, Kanada, Norveç və Mərkəzi Amerikanın milli və regional antidopinq agentlikləri cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.