ELM VƏ TƏHSİL


Azərbaycan Milli Elmlər Akademiyası Vaterlo Universiteti ilə kadr və təcrübə mübadiləsi aparır

Bakı, 20 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Kanadanın Vaterlo Universitetinin riyaziyyat fakültəsinin dekanı, professor Stefan Vatt və həmin fakültənin riyaziyyat və biznes üzrə proqramlar direktoru, professor İlham Axundov ilə görüş keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, görüşdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə rəhbərlik etdiyi qurumun yaranma tarixindən, bu ali məktəbin Azərbaycan elminin inkişafındakı rolundan danışıb. A.Əlizadə bildirib ki, AMEA fəaliyyət göstərdiyi illərdə ölkə elminin beynəlxalq aləmə inteqrasiyasında mühüm rol oynayıb, bir çox nailiyyətlərə imza atıb. Hazırda akademiyada neft-kimya, yer elmləri kimi prioritet istiqamətlərdə tədqiqatlar aparılır.

A.Əlizadə AMEA-da ilk dəfə 2015-ci ildən etibarən təşkil olunan magistratura pilləsi haqqında məlumat verib. Cari ildə Nazirlər Kabinetinin qərarı ilə AMEA-nın magistraturasına 92 yerin ayrıldığını diqqətə çatdırıb.

AMEA-nın prezidenti rəhbərlik etdiyi qurumda gənc alimlərin beynəlxalq aləmə inteqrasiyası baxımından dünyanın qabaqcıl ali məktəblərindən olan Vaterlo Universitetinin təcrübəsinin öyrənilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, iki qurum arasında müxtəlif elmi layihələrin həyata keçirilməsi, azərbaycanlı gənc tədqiqatçıların Kanadaya ezam olunması vacib məsələlərdəndir.

S.Vatt təmsil etdiyi ali təhsil ocağı barədə məlumat verib. Professor 60 ildən çox fəaliyyət göstərən universitetdə müxtəlif elm sahələri üzrə təhsilin həyata keçirildiyini, burada təcrübə əsaslı tədrisə önəm verildiyini qeyd edib.

S.Vattın sözlərinə görə, Vaterlo Universitetində Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən tələbələr təhsil alırlar. O, həmçinin təmsil etdiyi ali məktəbə qəbul qaydaları, qarşıya qoyulan tələblər və şərtlər barədə danışıb.

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev beynəlxalq olimpiadalarda qızıl medallar qazanmış 56 azərbaycanlı tələbənin Vaterlo Universitetində təhsil aldığını bildirib. Alim Vaterlo Universitetində aparılan araşdırmaları, həyata keçirilən layihələri yüksək qiymətləndirərək AMEA ilə bu təhsil ocağı arasında kadr və təcrübə mübadiləsinin aparılmasının məqsədəuyğun olduğunu vurğulayıb.

Sonda birgə əməkdaşlığa dair müzakirələr aparılıb, əlaqələrin davamlı inkişafı istiqamətində müvafiq qərarlar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.