ELM VƏ TƏHSİL
Azərbaycan Milli Elmlər Akademiyası “Web of Science” bazasından geniş istifadə edir
Bakı, 8 iyun, AZƏRTAC
Son beş ildə əsas uğurlarımızdan biri “Web of Scince”, “Scopus”, “Google” bazaları üzrə statistik göstəricilərin dayanıqlı yüksəlmə meyilləri ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik Akif Əlizadə iyunun 8-də AMEA Rəyasət Heyətinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş illik ümumi yığıncaqda deyib.
Hazırda beynəlxalq elmi bazalarla əməkdaşlığın genişləndirilməsinin elmi məhsuldarlığın dinamikasına müsbət təsir göstərdiyini deyən akademik bildirib ki, bu məqsədlə “Clarivate Analytics” təşkilatı ilə AMEA arasında Saziş imzalanıb. A.Əlizadə həmin sənədə əsasən, AMEA-nın bütün elmi müəssisələrində çalışan alimlərin “Web of Science” bazasından istifadə imkanı əldə etdiyini vurğulayıb. O deyib: “AMEA-nın əksər elmi müəssisələrinin “Web of Science” bazasında vahid profili var. Bu profillər vasitəsilə elmi müəssisələrin və əməkdaşların nəşr aktivliyini, H (Hirş) indeksini və istinad göstəricilərini asanlıqla əldə etmək mümkündür”.