ELM VƏ TƏHSİL


Azərbaycan Milli Elmlər Akademiyasında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bakı, 15 yanvar, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, akademiyanın elmi müəssisə və təşkilatlarının Gənc Alim və Mütəxəssislər şuralarının sədrləri və şura üzvlərinin iştirak etdikləri tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İclası şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov açaraq 20 Yanvar faciəsinin Azərbaycan xalqının uzun illər mübarizə apardığı istiqlal savaşının, milli iradə və azadlığının təntənəsi olduğunu bildirib. O, həmin gün SSRİ ordusunun Bakıya yeridilməsi nəticəsində dinc və günahsız, silahsız insanların öldürüldüyünü, yaralandığını və qanunsuz həbs olunduğunu söyləyib.

F.Salmanov faciə zamanı AMEA-nın Polimer Materialları İnstitutunun üç, Riyaziyyat və Mexanika İnstitutunun isə bir əməkdaşının şəhid olduğunu diqqətə çatdırıb. O, qanlı hadisəyə ilk siyasi münasibəti ümummilli lider Heydər Əliyevin bildirdiyini, Ulu Öndərin qanlı hadisənin səhəri günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda faciəni törədən şəxsləri kəskin şəkildə tənqid etdiyini söyləyib.

Şura sədri 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, faciə barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən ardıcıl addımlar atıldığını, bu işdə gənclərin də xüsusi fəallıq göstərdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan gəncliyi ölkəmizin tarixi və mədəni irsinə qarşı həssaslığı daim qorumalı və müxtəlif platformalarda təbliğ etməlidir.

Tədbirdə, həmçinin Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənovun “20 Yanvar hadisəsinin bədii ədəbiyyatdakı inikası”, Tarix İnstitutunun elmi işçisi Lamiyə Soltanovanın “Beynəlxalq arenada 20 Yanvar hadisələrinə baxış” və Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadənin “20 Yanvar hadisələri ərəfəsində Qafqazda ictimai-siyasi proseslər və 20 Yanvar dərsləri” mövzusunda məruzələri dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.