ELM VƏ TƏHSİL
Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin ümumi yığıncağı keçirilib
Bakı, 11 iyul, AZƏRTAC
İyulun 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər Bölməsinin (HEB) ümumi yığıncağı keçirilib. Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli gündəlikdəki məsələlər haqqında iştirakçılara məlumat verdikdən sonra HEB-in yeni tərkibi müzakirə edilib. Bölmənin yeni tərkibinin təsdiqi və büro üzvlərinin təyin olunması ilə bağlı Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alınıb.
Gündəlikdə yer alan növbəti məsələ HEB-ə daxil olan elmi müəssisələrin 2017-ci ilin I yarımilliyindəki elmi və elmi-təşkilati fəaliyyətləri haqqında olub.
Hesabat məruzəsi ilə çıxış edən bölmənin akademik-katibi, akademik Teymur Kərimli cari ilin ilk altı ayı ərzində elmi müəssisələrdə görülmüş elmi və elmi-təşkilati işlərdən bəhs edib. Bildirilib ki, institut və elmi təşkilatların ilk altı aya dair hesabatları bölməyə təqdim olunub və dəyərləndirilib.
T.Kərimli altı ayda Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamların, həmçinin AMEA Rəyasət Heyətinin qərar və sərəncamlarının icrasından danışıb. O, elmi-tədqiqatlar, respublika və beynəlxalq səviyyəli tədbirlər, elmlə təhsilin qarşılıqlı əlaqəsi, kadr potensialı və elmi kadrların hazırlanması, nəşriyyat fəaliyyəti, magistrantlarla işin həyata keçirilməsi, bölmənin beynəlxalq əlaqələri və digər işlər haqqında geniş məlumat verib.
Hesabat dinlənilib müzakirə edildikdən sonra bölmənin qərarı ilə təsdiq olunub.
Tədbirdə ədəbiyyat və dilçilik institutlarının elmi şuralarının tərkiblərində dəyişiklik edilməsi, həmçinin ədəbiyyat və əlyazmalar institutlarının bir neçə doktorant və dissertantına təhsillərində möhlət verilməsi haqqında qərarlar qəbul olunub.
Sonda cari məsələyə baxılıb. Akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinin qeyd olunması haqqında müzakirələr aparılıb. Humanitar və ictimai elmlər bölmələrinin birgə təşkilatçılığı ilə tədbirin keçirilməsi, həmçinin alimə fəxri fərman verilməsi barədə Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alınıb.