ELM VƏ TƏHSİL


Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclası keçirilib YENİLƏNİB 2

Bakı, 27 iyun, AZƏRTAC

İyunun 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə iştirakçıları gündəliklə tanış edib.

Gündəliyə əsasən, iclasda AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nəcəf Müseyiblinin “Azərbaycanda arxeoloji tədqiqatlar: nailiyyətlər və perspektivlər” mövzusunda məruzəsi dinlənilib. Alim bildirib ki, arxeoloji tədqiqatlar Azərbaycanın qədim tarixinin öyrənilməsində müstəsna əhəmiyyətə malikdir. Nəcəf Müseyibli müxtəlif dövrlərdə ölkəmizdə aparılan arxeoloji tədqiqatlar və əldə olunan nailiyyətlər haqqında məlumat verib. O, arxeologiya elminin perspektivlərini müəyyənləşdirən bir sıra mühüm vəzifələrdən danışıb, digər elm sahələri ilə daha intensiv əlaqələr qurulmasının, multidissiplinar tədqiqatların genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, suallar cavablandırılıb, müvafiq qərar qəbul olunub.

Sonra elmi-təşkilati məsələlərə baxılıb. İlk olaraq AMEA-nın 75 illik yubileyi haqqında məsələ müzakirə edilib. Bununla bağlı çıxış edən akademik Akif Əlizadə 2020-ci ilin mart ayında AMEA-nın yaradılmasının 75 ilinin tamam olacağını bildirib. O, AMEA-nın təsis edilməsinin Azərbaycan xalqının elmi və ictimai fikir tarixində mühüm hadisə olduğunu, ölkəmizin sosial-iqtisadi və mədəni-mənəvi inkişafında böyük əhəmiyyət kəsb etdiyini deyib. Vurğulayıb ki, AMEA bu illər ərzində xalqımızın intellektual potensialının formalaşdırılmasında, elmin müasir zamanın tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında, respublikada peşəkar elmi kadrlar nəslinin yetişdirilməsində müstəsna rol oynayıb.

XX əsrin ikinci yarısında, xüsusilə ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə akademiyada xeyli nailiyyətlər əldə olunduğunu deyən akademik Akif Əlizadə Ulu Öndərin müstəqillik illərində xalqın tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində AMEA-nın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb. Bildirib ki, Ümummilli Liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin elmə göstərdiyi diqqət və qayğı nəticəsində AMEA-nın fəaliyyət dairəsi xeyli genişləndirilib, səlahiyyətləri artırılıb, ölkəmizdə elmi-texniki potensialı qorumaq və inkişaf etdirmək, iqtisadiyyatı gücləndirmək, mədəniyyəti zənginləşdirmək, xalqın milli mənafeyini qorumaq baxımından akademiyanın qarşısına mühüm vəzifələr qoyulub. Akif Əlizadə akademiyanın 2015-ci ildə qeyd olunan 70 illik yubileyində iştirak edən dövlətimizin başçısının dərin məzmunlu nitqi ilə Azərbaycan elminin respublikanın inkişafını şərtləndirən prioritet fəaliyyət istiqamətlərini müəyyənləşdirdiyini xatırladıb. Bu prioritet istiqamətlər üzrə AMEA-da kompleks tədbirlər həyata keçirildiyini, intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin qurulmasından irəli gələrək akademiyanın ölkənin inkişafında mühüm rol oynadığını nəzərə çatdırıb.

İclasda AMEA-nın 75 illik yubileyi ilə bağlı təkliflər və tədbirlər planı hazırlanması qərara alınıb.

Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın Ümumi yığıncağının 2019-cu il 1 may tarixli qərarının yerinə yetirilməsi ilə bağlı tədbirlər planı haqqında olub. Akademik Akif Əlizadə bildirib ki, ötən il AMEA tərəfindən prioritet elmi istiqamətlər üzrə mühüm nailiyyətlər əldə edilib, elmi-texniki potensialın inkişafı, innovativ fəaliyyətin gücləndirilməsi, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, elm, təhsil və iqtisadiyyat arasında əlaqələrin möhkəmləndirilməsi, kadr hazırlığı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi və digər istiqamətlərdə mühüm tədbirlər həyata keçirilib. AMEA rəhbəri akademiyanın elmi müəssisələrinin 2018-ci ildə çoxsaylı dövlət proqramlarının və digər dövlət əhəmiyyətli tapşırıqların icrasında yaxından iştirak etdiyini nəzərə çatdırıb. Vurğulayıb ki, bu işlərin davamı olaraq qarşıda duran vəzifələrin kompleks icrasını təmin etmək məqsədilə AMEA-nın Ümumi yığıncağında Rəyasət Heyətinə 2019-cu ildə akademiyada icrası zəruri olan bir sıra tapşırıqlar verilib. Akif Əlizadə həmin tapşırıqların həyata keçirilməsi üçün təkliflər və tədbirlər planı hazırlanaraq AMEA Rəyasət Heyətinə təqdim olunduğunu bildirib. İclasda Rəyasət Heyəti tədbirlər planını təsdiq edib və bu istiqamətdə tapşırıqlar verib.

Tədbirdə akademiklər Mirəsədulla Mirqasımov, Mustafa Topçubaşov, Zərifə Əliyeva, Yusif Məmmədəliyev, Murtuza Nağıyev, Üzeyir Hacıbəyli, Mikayıl Useynov, Səməd Vurğun, Musa Əliyev, Həsən Əliyev, Zahid Xəlilov, Azad Mirzəcanzadə, Həsən Abdullayev və professor Lütfi Zadə adına xatirə nişanları haqqında əsasnamələr təsdiq edilib.

AMEA-nın Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi Adil Ağayevin AMEA-nın Xatirə nişanı ilə təltif edilməsi qərara alınıb.

İclasda AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri, fizika üzrə fəlsəfə doktoru Canməmməd Rüstəmovun Estoniyaya, həmin müəssisənin elmi işçisi Aynur Abdulkərimovanın Çexiyaya, akademiyanın Genetik Ehtiyatlar İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Cəmalə Eldarovanın ABŞ-a, AMEA-nın Botanika İnstitutunun şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru Rəşad Səlimovun və Mərkəzi Nəbatat Bağının sektor müdiri, biologiya üzrə fəlsəfə doktoru Fərid Seyfullayevin Almaniyaya ezam edilmələri haqqında qərarlar qəbul edilib.

Rəyasət Heyətinin digər qərarları ilə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun strukturlarında qismən dəyişiklik edilib.

İclasda AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illik yubileyi ilə bağlı tədbirlər planı təsdiq edilib, sənədin icrasına dair tapşırıqlar verilib. Habelə AMEA-nın alimlərinin yubileylərinin keçirilməsi haqqında qərarlar qəbul olunub.

Akademiyanın Rəyasət Heyətinin qərarı ilə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Samir Məmmədov “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin infrastruktur üzrə direktor müavini vəzifəsinə təsdiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.