ELM VƏ TƏHSİL
Azərbaycan Milli Elmlər Akademiyasının iki institutu birgə tədqiqatlara başlayıb
Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu ölkəmizin mühüm sosial-iqtisadi, ictimai-mədəni məsələlərinin həllinə və onun müdafiə qüdrətinin artırılmasına yönəlmiş multidissiplinar elmi-tədqiqat proqramları çərçivəsində tədqiqatlara başlayıb.
Geologiya və Geofizika İnstitutundan AZƏRTAC-a bildirilib ki, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu ilə birgə reallaşdırılan tədqiqatların əsas məqsədi ölkəmizin müxtəlif geoloji şəraitə malik rayonlarında yerləşən geofiziki stansiyaların məlumatlarını emal etməkdir. İlk növbədə, radon qazının qatılığı, temperatur, rütubət və təzyiqinin bir-birindən asılılığının, radon qazının həcmi aktivliyinin qısa, orta və uzun müddətli davamlı variasiyalarının və digər aspektlərin müasir riyazi üsullarla emalı aparılır.
Bu məqsədlə Riyaziyyat və Mexanika İnstitutunda alınan ilkin nəticələrin müzakirəsi keçirilib. Görüşdə Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, Geologiya və Geofizika İnstitutu direktorunun elmi işlər üzrə müavini Dadaş Hüseynov və hər iki elmi müəssisənin əməkdaşları iştirak ediblər. Toplantıda ilk elmi nəticələr müsbət qiymətləndirilib və tədqiqatların davamlı olacağı qənaəti təsdiqlənib.