ELM VƏ TƏHSİL
Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyətində struktur islahatlarına başlanılmışdır
Bakı, 29 may (AZƏRTAC). Mayın 29-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, iclası açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdə olan məsələlər barədə məlumat vermiş, Azərbaycanda elmi tədqiqatların və nəticələrin hazırkı keyfiyyətinin qiymətləndirilməsi zərurətindən danışmışdır. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”ya əsasən bildirmişdir ki, respublikada aparılan bütün elmi-tədqiqat işlərinin müntəzəm ekspertizası keçirilməli, nəticələri və səmərəliliyi qiymətləndirilməlidir. Sənəddə bu məqsədlə nəzərdə tutulan tədbirlərdən biri kimi bu gün alimlər ölkədə elmi-tədqiqatların səviyyəsini qiymətləndirməyə, bu istiqamətdə müasir mexanizmləri işləyib hazırlamağa çalışırlar. Bütün bu işlər “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı” ilə tənzimlənir.
AMEA-nın Kibernetika İnstitutunun laboratoriya müdiri, Milli Məclisin deputatı, akademiyanın müxbir üzvü Asəf Hacıyev akademik Əli Abbasov və texnika elmləri üzrə fəlsəfə doktoru Sərdar Şabanov ilə birgə hazırladıqları “Elmi nəticələrin keyfiyyətini qiymətləndirən ekspert-statistik yanaşma” mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Strategiyaya əsaslanaraq xatırlatmışdır ki, ölkədə mövcud elmi-tədqiqat müəssisələrinin elmi nəticələri, onlara ayrılan vəsaitlərin xərclənməsi və s. haqqında məlumatlar mütəmadi toplanılmalı, təhlil edilməli və həmin təşkilatların fəaliyyətinin səmərəsini qiymətləndirməklə onların faydalı iş əmsalı müəyyənləşdirilməlidir.
Qaldırılan məsələ istiqamətində son illər Kibernetika İnstitutunda aparılmış tədqiqatların nəticələri toplantı iştirakçılarına çatdırılmış, aparılan elmi-tədqiqatların keyfiyyətini qiymətləndirmək üçün institutda yeni mexanizmin işləndiyi bildirilmişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuş, suallar cavablandırılmışdır.
AMEA rəyasət heyətinin mərkəzi aparatında struktur islahatları barədə məlumat verən AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Rasim Əliquliyev bildirmişdir ki, qeyd olunan strategiya və dövlət proqramının qarşıya qoyduğu əsas vəzifələrdən biri elmin idarəetmə sisteminin modernləşdirilməsidir. Bu məsələ AMEA-nın yeni seçilmiş prezidenti, akademik A.Əlizadənin çıxışında qaldırılmış, AMEA-nın strukturunun elmi-innovativ əsaslarla təkmilləşdirilməsi vəzifəsi qarşıya qoyulmuşdur. Bu vəzifədən irəli gələrək AMEA rəyasət heyəti mərkəzi aparatının mövcud strukturu və ştat cədvəli daxilində müəyyən dəyişikliklər təklif olunmuş və müzakirə edilmişdir. Nəticədə yeni elmi-təşkilat və analitika idarəsi, beynəlxalq əlaqələr idarəsi, təhsil və kadrlar, hüquqi təminat, innovasiya, ictimaiyyətlə əlaqələr şöbələri və ümumi şöbənin təşkili qənaətinə gəlinmişdir. AMEA rəyasət heyəti mərkəzi aparatının işlər idarəsi, maliyyə-iqtisad şöbəsi, uçot və mühasibat hesabatı şöbəsi, I xüsusi şöbə, II xüsusi şöbə, xarici dillər kafedrası və Azərbaycanda Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Mərkəzinin strukturları isə ştat cədvəlinə uyğun olaraq saxlanılır.
Sonra qərar qəbul edilərək AMEA rəyasət heyətinin mərkəzi aparatının yeni strukturu təsdiq olunmuşdur.
İclasda, həmçinin AMEA-nın altı bölməsi - Fizika-Riyaziyyat və Texnika, Kimya, Yer, Biologiya və Tibb, Humanitar və İctimai, Aqrar Elmlər bölmələrində akademik-katibin müavini, elmi katib və büro üzvü vəzifələrinə yeni təyinatlar təsdiq edilmişdir.