SİYASƏT


Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisinin İkitərəfli parlamentlərarası komissiyasının növbəti iclası keçirilib

Bakı, 8 dekabr, AZƏRTAC

Dekabrın 8-də Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisinin İkitərəfli parlamentlərarası komissiyasının videokonfrans formatında 16-cı iclası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, komissiyanın iclasına Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini Qalina Karelova həmsədrlik ediblər.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli iclas iştirakçılarını salamlayaraq əminliyini bildirib ki, bu görüş parlamentlərarası münasibətlərin inkişafına və dərinləşdirilməsinə töhfəsini verəcək.

Əli Hüseynli çıxışında deyib ki, Azərbaycan və Rusiya dövlət başçılarının səyləri nəticəsində ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib. O, hər iki ölkənin qanunvericilik orqanlarının bu istiqamətdə rolunu yüksək qiymətləndirib. Bildirib ki, qlobal pandemiya şəraitinə baxmayaraq, Milli Məclisin sədri Sahibə Qafarova bu il ərzində üç dəfə Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olub. Bu səfərlər çərçivəsində Azərbaycan parlamentinin sədri MDB PA-nın iclaslarında və üçüncü Avrasiya Qadınlar Forumunda iştirak edib. Eyni zamanda, bu günlərdə də bir sıra vacib görüşlər keçirilib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatorunu qəbul edib, Bakıda Rusiyanın Həştərxan vilayətinin İşgüzar Mərkəzinin açılışı olub, Milli Məclisin sədri Sahibə Qafarova MDB PA Şurası Katibliyinin rəhbəri Dmitri Kobitskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bütün bunlar, o cümlədən bizim bugünkü görüşümüz ondan xəbər verir ki, dövlətlərarası, parlamentlərarası əlaqələrimiz mütəmadi xarakter daşıyır.

Milli Məclis sədrinin birinci müavini diqqətə çatdırıb ki, bu il noyabrın 8-də bizim dövlətimiz və xalqımız Qarabağ uğrunda Vətən müharibəsində Zəfərin ildönümünü qeyd edib. Bu Qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. O, azad edilmiş torpaqlarımızda uğurla həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olmaq üçün Federal Şuranın və Dövlət Dumasının nümayəndələrini işğaldan azad olunmuş əraziləri ziyarət etməyə dəvət edib. Əli Hüseynli, eyni zamanda, Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin noyabrın 26-da Soçidə keçirilmiş görüşünün önəmli olduğunu vurğulayıb. Ötən bir il ərzində bölgədə sülhün və əmin-amanlığın qorunması üçün görülən işlərin vacibliyindən danışıb, kommunikasiyaların açılmasının əhəmiyyətini qeyd edib. Azərbaycanın Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyasına hazır olduğunu söyləyib.

Əli Hüseynli bugünkü görüşün parlamentlərarası əlaqələrin inkişafı və möhkəmləndirilməsi baxımından növbəti müsbət addım olacağına əminliyini ifadə edib.

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini Qalina Karelova çıxışında bildirib ki, Azərbaycan Rusiya üçün dost və strateji tərəfdaş ölkədir. Münasibətlərimiz ənənəvi olaraq mehriban qonşuluğa və qarşılıqlı hörmətə əsaslanır. O qeyd edib ki, müasir zamanda ölkələrimiz arasında mövcud olan iqtisadi, humanitar sahələrdə əlaqələr, parlamentlərarası əməkdaşlıq müxtəlif məsələlərin həlli baxımından böyük əhəmiyyət daşıyır. Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin inkişafı Cənubi Qafqazda və Xəzər dənizi regionunda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.

Qalina Karelova deyib ki, növbəti ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Bu, gələcəkdə əməkdaşlığımızın daha da genişləndirilməsi üçün səylərimizi artırmağı təşviq edir. Qeyd edilib ki, bu gün ölkələrimiz 2024-cü ilədək nəzərdə tutulmuş və özündə 5 yol xəritəsini ehtiva edən fəaliyyət planını həyata keçirirlər və bu istiqamətdə qanunvericilik bazasının formalaşmasında parlamentlərin rolu böyükdür.

Federal Şuranın sədr müavini çıxışında ölkəmizdə rus dilində təhsilə göstərilən diqqət və qayğını təqdir edib, elm sahəsində qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyətindən danışıb. O, gənclər təşkilatlarının sıx əlaqələrindən bəhs edib. Humanitar sahədə əməkdaşlığın genişləndirilməsində Bakı Beynəlxalq Humanitar Forumunun rolunu xüsusi qeyd edib. Pandemiya dövründə ölkələrimizin COVID-19-la mübarizə sahəsində qarşılıqlı fəaliyyətinin əhəmiyyətli olduğunu deyib.

Rusiya və Azərbaycanın beynəlxalq parlament platformalarında əməkdaşlığından söz açan Qalina Karelova deputatlarımızın Parlamentlərarası İttifaq çərçivəsində aktiv fəaliyyət göstərdiklərini söyləyib. O, Azərbaycanın Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsünü dəstəklədiklərini bildirib. Qeyd edib ki, bu, Azərbaycanın beynəlxalq səviyyədə mövqeyini daha da möhkəmləndirəcək. Rusiyalı vitse-spiker ölkələrimiz arasında əlaqələrin MDB Parlamentlərarası Assambleyası çərçivəsində də möhkəmləndirilməsindən danışıb. Bildirib ki, dostluğa söykənən Rusiya-Azərbaycan münasibətləri bundan sonra daha da güclənəcək və inkişaf edəcək.

Sonra iclasın gündəliyində olan məsələlərə baxılıb. Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli diqqətə çatdırıb ki, gündəliyə beş məsələ daxil edilib.

Əvvəlcə, Rusiya Federasiyası Federal Məclisi ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq üzrə ikitərəfli parlamentlərarası komissiyanın tərkibində dəyişikliklər edilməsi haqqında Rusiya Federal Şurası sədrinin müavini Qalina Karelova, Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Kazbek Taysayev məlumat veriblər. Rusiya tərəfindən komissiyanın yeni üzvləri təqdim edilib.

Sonra gündəliyin ikinci məsələsi - Azərbaycan Respublikasının Milli Məclisi ilə Rusiya Federasiyasının Federal Məclisi arasında parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov çıxış edib. Bildirib ki, parlamentlərarası komissiya hər iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından əhəmiyyətli rol oynayır. Diqqətə çatdırıb ki, Milli Məclisin nümayəndə heyəti Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə müşahidə missiyasının tərkibində fəal iştirak edib. Seçkilərin beynəlxalq standartlara və Rusiya qanunvericiliyinə uyğun şəkildə yüksək səviyyədə keçirildiyini qeyd edib.

Bildirilib ki, Azərbaycan Milli Məclisinin Rusiya Federal Şurası və Dövlət Duması ilə əməkdaşlığı beynəlxalq parlamentlərarası münasibətlər sahəsində çox önəmlidi. Eyni zamanda, Azərbaycan regionlarla əlaqələrin genişləndirilməsinə də böyük əhəmiyyət verir. Belə ki, Milli Məclislə Dağıstan və Sankt-Peterburq qanunvericilik orqanları arasında əməkdaşlıq haqqında sazişlər imzalanıb.

Azərbaycanla Rusiya arasında parlamentlərarası əlaqələrin sürətlə inkişaf etdiyini deyən Nizam Cəfərov MDB Parlamentlərarası Assambleyası çərçivəsində də əməkdaşlığın vacibliyini qeyd edib. Bildirib ki, bu gün biz COVID-19 pandemiyasının törətdiyi fəsadların, o cümlədən insan hüquqlarının qorunması sahəsində yaranan problemlərin qarşısının alınması istiqamətində birgə səylərimizi gücləndirməliyik. Humanitar, sosial sahələrdə əlaqələrin genişləndirilməsi, qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsi və digər qarşılıqlı maraq doğuran məsələlərlə əlaqədar daha sıx əməkdaşlıq etməliyik.

Sonra Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin üzvü Arsen Kanokov çıxış edib. O, iki ölkə parlamentlərinin MDB Parlamentlərarası Assambleya çərçivəsində əməkdaşlığından söhbət açıb. Milli Məclisin nümayəndə heyətinin qurumun tədbirlərində fəal iştirakını qeyd edib. Azərbaycan parlamentinin sədri Sahibə Qafarovanın cari ildə MDB PA-nın sessiyasında iştirakını, sessiya çərçivəsində Rusiya Federal Şurasının sədri Valentina Matviyenko ilə görüşünü yüksək qiymətləndirib. Rusiyalı deputat, həmçinin Avrasiya Qadınlar Forumunun əhəmiyyətini də xüsusi qeyd edib. İki ölkə deputatlarının seçkiləri müşahidə missiyalarının tərkibində fəaliyyətlərindən danışıb, parlamentlərarası komissiya çərçivəsində əməkdaşlığın əhəmiyyətli olduğunu deyib.

İclasda Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Emin Hacıyev və Federal Şuranın Sosial siyasət komitəsinin sədri İnna Svyatenko Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ticarət-iqtisadi və humanitar əməkdaşlığın vəziyyəti, perspektivləri və qanunvericilik təminatı haqqında məruzə ilə çıxış ediblər. Məruzəçilər iqtisadi əlaqələrin genişləndirilməsi üçün geniş imkanların olduğunu bildiriblər, Azərbaycanda keçirilən humanitar forumların xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini söyləyiblər, mədəniyyət, təhsil, turizm sahələrində əməkdaşlığın perspektivləri barədə fikirlərini açıqlayıblar.

Tədbirdə 2021-ci il oktyabrın 13-15-də Sankt-Peterburqda keçirilmiş üçüncü Avrasiya Qadınlar Forumunun yekunları haqqında Federasiya Şurası sədrinin müavini Qalina Karelova və Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynova çıxış ediblər. Qalina Karelova Forumda qoyulan mövzunun cəmiyyətdə qadınların rolunun daha da genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib. O, Milli Məclisin sədri Sahibə Qafarovanın Forumdakı çıxışını xüsusi qeyd edib.

Tədbirdə rusiyalı deputatlar Sergey Ryabuxin, Sergey Arenin, Aleksandr Başkin, Milli Məclisin deputatı Mixail Zabelin, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək Azərbaycan-Rusiya münasibətlərinin, o cümlədən regionlararası əlaqələrin genişləndirilməsi, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi baxımından iki ölkə parlamentləri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə bağlı fikirlərini açıqlayıblar.

İclasın sonunda bildirilib ki, Azərbaycan Milli Məclisi ilə Rusiya Federal Məclisi arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın 17-ci iclasının 2022-ci ildə Rusiyada keçirilməsi nəzərdə tutulub.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli parlamentlərarası komissiyanın iclasında məhsuldar müzakirələrin aparıldığını bildirərək, komissiya üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

İclasda Milli Məclisin deputatları Ağalar Vəliyev, Rasim Musabəyov, Elnur Allahverdiyev, Azər Badamov, rusiyalı deputatlar İvan Abramov, Yelena Avdeyeva, Liliya Qumerova, Anatoliy Şirokov iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.