SİYASƏT
Azərbaycan Milli Məclisinin sədri Gürcüstan Prezidentinin andiçmə mərasimində iştirak edib
Tbilisi, 16 dekabr, AZƏRTAC
Dekabrın 16-da Telavi şəhərində Gürcüstanın yeni seçilmiş Prezidenti Salome Zurabişvilinin andiçmə mərasimi olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Ramiz Həsənov, Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov və deputat Hikmət Babaoğlu daxildir.
Əvvəlcə Gürcüstanın 4-cü Prezidenti Georgi Marqvelaşvili vida görüşü edib.
Sonra Gürcüstanın dövlət bayrağı gətirilib.
Daha sonra yeni Prezident Salome Zurabişvili tribunaya çıxıb.
Gürcüstanın yeni Prezidenti əlini konstitusiyasının üzərinə qoyaraq xalqına, millətinə sədaqətlə xidmət edəcəyini, insanların hüquq və azadlıqlarını qoruyacağına, ölkənin demokratik inkişafına sadiq qalacağına and içib.
Mərasimdə iki minə yaxın insan, o cümlədən 55 ölkədən 150-dən çox xarici qonaq iştirak edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi