SİYASƏT
Azərbaycan Milli Məclisinin sədri Gürcüstana səfərə gəlib
Tbilisi, 26 may, AZƏRTAC
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Demokratik Respublikasının yaranmasının 100 illik yubiley tədbirində iştirak etmək üçün mayın 26-da Tbilisiyə səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətini Şota Rustaveli adına Tbilisi Beynəlxalq aeroportunda Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan dostluq qrupunun rəhbəri Zviyadze Dzidziguri, hər iki ölkənin səfirləri və digər rəsmi şəxslər qarşılayıblar.
Milli Məclisin sədri Gürcüstan Prezidenti Georgi Marqvelaşvili ilə görüşəcək, Tbilisinin mərkəzindəki Azadlıq meydanında keçiriləcək yubiley tədbirində və gənc əsgərlərin andiçmə mərasimində iştirak edəcək.
Oqtay Əsədov, həmçinin “İnkişaf üçün əməkdaşlıq: gələcək 100 il üçün strategiya” mövzusunda Gürcüstan parlamentində təşkil olunan “dəyirmi masa”da, Gürcüstan Gənclər Sarayında “Gürcüstanın ilk müstəqillik bəyannaməsinin elan olunmasının imitasiyası” və digər tədbirlərdə iştirak edəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi