İDMAN
Azərbaycan Milli Paralimpiya Komitəsində görüş olub
Bakı, 22 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Karate Federasiyasının (AMİK) prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə milli komandanın üzvləri və federasiyanın bir qrup rəsmisi Azərbaycan Milli Paralimpiya Komitəsində görüş keçirib.
AMİK-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan karateçilərini Tokio Yay Olimpiya Oyunlarında yüksək nəticələri münasibətilə təbrik edən Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov kollektivə qarşıdakı fəaliyyətində uğurlar arzulayıb. O, parakarateçilərin də dünya və Avropa çempionatında əldə etdikləri nəticələrinin təkrarlanması və daha yüksək əyarlı medallar qazanılmasına nail olunması üçün birgə səylərini əsirgəməyəcəyini bildirib.
Görüşün təşkili və qazanılan uğurlarla bağlı xoş sözlərə görə minnətdarlığını ifadə edən Yaşar Bəşirov, federasiyada parakarateçilərə xüsusi diqqətlə yanaşıldığını və bunun sayəsində qısa zaman ərzində dünya və Avropa çempionatlarında medallara sahib olduqlarını söyləyib. Y.Bəşirov öz növbəsində Tokio Yay Paralimpiya Oyunlarında yüksək tarixi nəticə münasibətilə İlqar Rəhimovu və onun rəhbərlik etdiyi kollektivi, həmçinin idmançıları və onların məşqçilərini təbrik edib.
Noyabrda keçiriləcək dünya çempionatı ərəfəsində parakarateçilərlə görüşün onlara əlavə ruh yüksəkliyi verdiyini deyən baş məşqçi Rənad Əliyev idmançıların onlara göstərilən etimadı doğrultmağa çalışacaqlarını qeyd edib.
Beynəlxalq dərəcəli hakim Cahangir Babayev, eşitmə qüsurlu karateçilərin məşqçisi Seymur Xudaverdiyev və federasiyanın media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmov parakarate yarışları barədə, həmçinin bu sahənin perspektivlərindən danışıblar.
Görüşdə həmçinin dövlət başçısı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin digər sahələrlə yanaşı, idmana xüsusi diqqətindən və dövlət qayğısından, eləcə də bunun sayəsində Azərbaycanın bir sıra idman növlərində beynəlxalq nüfuzunun artmaqda davam etməsindən danışılıb. İlqar Rəhimov və Yaşar Bəşirov parakarateçilərin qayğıları və onların mümkün həlli yolları haqqında da fikir mübadiləsi aparıblar. Baş katib Kamal Məmmədov və komitənin digər rəsmiləri ilə birgə müzakirədən sonra, tərəflər əməkdaşlığı daha da genişləndirmək qərarına gəliblər.