İDMAN


Azərbaycan Milli Paralimpiya Komitəsinin yeni loqosu təqdim edilib

Bakı, 22 noyabr, AZƏRTAC

Noyabrın 22-də Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) yeni loqosunun təqdimatı və “Yenilməzlər” beynəlxalq qala təqdimatının yaradıcı heyəti ilə görüş olub.

AZƏRTAC xəbər verir ki, AMPK-nın prezidenti İlqar Rəhimov təqdimatın uğurla təşkil olunduğunu və tamaşaçıların tədbirdən xoş təəssüratlarla ayrıldıqlarını qeyd edib: “Təqdimatdan sonra çoxlu sayda xoş fikirlər eşitdik, təqdimatı hamı bəyəndi. Biz bu təqdimatla insanları düşündürməyi bacardıq. Onlar paralimpiyaçıların həyatı, qalibiyyətləri və üzləşdikləri problemlərlə yaxından tanış oldular. Həmçinin ölkəmizdəki iş adamlarının və sahibkarların fikir və diqqətini bu istiqamətə yönəltməyə nail olduq. Düzdür, bundan əvvəl də ölkəmizdəki sahibkarlar korporativ sosial məsuliyyət dəyərlərinə böyük önəm verirdilər. Hazırda ölkəmizdə fəaliyyət göstərən sahibkarlarla əlaqələrin qurulması istiqamətində müzakirələr aparılır. Hətta görüşlər də keçirmişik. Ölkəmizdə maraqlı qarşılanan bu qala təqdimatın gələcəkdə regionlarda təşkil olunmasını nəzərdə tutmuşuq. Belə təqdimatın yaxın zamanda Gəncədə də təşkilini planlaşdırırıq”.

Qala təqdimatın ssenari müəllifi və quruluşçu rejissoru Əməkdar artist, Prezident mükafatçısı Nicat Kazımov tədbirin ərsəyə gəlməsi üçün böyük bir komandanın çalışdığını, ssenarini yazarkən bir çox fiziki məhdudiyyətli insanla fikir mübadiləsindən bəhrələndiyini və tədbirin tamaşaçılar tərəfindən bəyənildiyi üçün sevincli olduğunu deyib.

“Yenilməzlər” beynəlxalq qala təqdimatının bir qrup yaradıcı heyətinə təşəkkürnamələr təqdim olunduqdan sonra AMPK-nın loqosu nümayiş etdirilib.

İlk baxışdan sadə görünən loqo özündə paralimpiya ruhunu əks etdirir. Loqonun mərkəzində yüksələn məşəl qalibiyyəti və qələbə ruhunu təcəssüm etdirir. Alovun dilləri Azərbaycan bayrağının rənglərinə boyanıb. Aşağı hissədə isə Beynəlxalq Paralimpiya Komitəsinin “Hərəkətdə olan ruh” simvolu yer alıb. Loqoda uğuru və dinamik həyatı özündə əks etdirən ürək formasında həyat rəmzi də yer alıb.

Qeyd edək ki, “Yenilməzlər” beynəlxalq qala tədbir Beynəlxalq Paralimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə noyabrın 13-də Bakıda, Gənc Tamaşaçılar Teatrında keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Beynəlxalq Paralimpiya Komitəsinin təmsilçiləri, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Heydər Əliyev Fondunun və Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən və özünəməxsusluğu ilə seçilən tədbirdə fiziki məhdudiyyətli insanların həyat hekayələri kölgə teatrı, ultrabənövşəyi şou və pantomima tamaşaları vasitəsilə təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.