CƏMİYYƏT
Azərbaycan Milli QHT Forumu koronavirusla əlaqədar ölkə ictimaiyyətinə müraciət edib
Bakı, 26 mart, AZƏRTAC
Azərbaycan Milli QHT Forumu koronavirusla əlaqədar ölkə ictimaiyyətinə müraciət edib.
Milli QHT Forumundan AZƏRTAC-a bildirilib ki, müraciətdə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasının ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandığı və yüksək dəyərləndirildiyi qeyd olunub. Bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, xarici ölkələrə bir çox aviareyslərin ləğv edilməsi, ölkə sərhədlərinin bağlanması, təhsil müəssisələrinin və bir çox dövlət qurumlarının fəaliyyətlərinin dayandırılması pandemiyanın yayılmasının qarşısının alınması və yayılmasının minimuma endirilməsi istiqamətində həyata keçirilən praqmatik addımlardır.
Qeyd olunub ki, Milli QHT Forumunun rəhbərliyi koronavirusla əlaqədar yaranmış vəziyyəti ilk gündən diqqətdə saxlayıb, bununla bağlı müvafiq müzakirələr aparıb, Nazirlər Kabineti yanında Operativ Qərargahla intensiv əlaqə saxlayıb. Bununla yanaşı, hər bir Milli QHT Forumunun üzvü olan QHT rəhbərinə Koronavirusla Mübarizə Fonduna maddi yardım göstərmək tövsiyə olunub.