MƏDƏNİYYƏT
Azərbaycan Milli Xalça Muzeyinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib
Bakı, 9 noyabr, AZƏRTAC
Noyabrın 8-i Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Həmin gün rəşadətli Azərbaycan Ordusu Qarabağın ürəyi, vətənimizin ayrılmaz hissəsi, mədəniyyət beşiyi Şuşanı işğaldan azad etdi.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Azərbaycan Milli Xalça Muzeyinin kollektivi Şəhidlər xiyabanına gələrək birinci Qarabağ müharibəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.
Ziyarət zamanı rəşadətli ordumuzun Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına layiqli cavab verərək işğal altındakı torpaqlarımızın bir hissəsini azad etdiyi vurğulanıb, Qələbə Gününün uzaqda olmadığı bildirilib. Qeyd edilib ki, uzun illərdir işğal altında olan şəhər, rayon və kəndlərimizi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən tapdağından azad edən rəşadətli ordumuzun cəsur əsgər və zabitləri şəhidlərimizin qisasını yerdə qoymurlar. Müzəffər Ali Baş Komandanın qeyd etdiyi kimi, Vətən uğrunda şəhid olanların qəhrəmanlığı heç vaxt unudulmayacaq, onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaq.
Yaşasın, müzəffər Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!