SİYASƏT
Azərbaycan-Misir parlamentlərarası əlaqələrinin inkişafına dair müzakirələr aparılıb
Bakı, 20 sentyabr, AZƏRTAC
Milli Məclisin Azərbaycan-Misir parlamentlərarası dostluq qrupunun üzvlərinin ölkəmizdə səfərdə olan Misir nümayəndə heyəti ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında tarixən formalaşmış münasibətlərdən, bir sıra sahələrdə oxşarlıqlardan, humanitar əməkdaşlıqdan söhbət açılıb, Azərbaycan-Misir münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib. Xüsusi diqqət Azərbaycan-Misir parlamentlərarası əlaqələrinə və qanunvericilik sahəsində qarşılıqlı təcrübə mübadiləsinə yetirilib. Daha yaxından tanış olmaq və əməkdaşlıq etmək məqsədilə hər iki dostluq qrupunun üzvlərinin qarşılıqlı səfərlərinin vacibliyindən danışılıb.
Görüşdə nümayəndə heyətinin rəhbəri, Misir Ərəb Respublikası Nümayəndələr Palatası sədrinin birinci müavini Mahmud Əhməd Şərif Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Gövhər Baxşəliyevaya Misir parlamentinin 150 illiyinə həsr olunmuş xatirə medalı təqdim edib. Azərbaycan tərəfi isə misirli həmkarlarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında AMEA Şərqşünaslıq İnstitutunda ərəb dilində hazırlanmış və institut tərəfindən nəşr edilmiş kitab bağışlayıb.