SİYASƏT


Azərbaycan NATO ilə əməkdaşlığa xüsusi önəm verir

Bakı, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Azərbaycanın NATO-da daimi nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayla görüşüb.

AZƏRTAC xəbər verir ki, Ziyafət Əsgərov əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-NATO əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini söylədi. Qeyd olundu ki, Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun 8 sammitində iştirak edib. Ölkəmiz təşkilatın keçirdiyi bütün tədbirlərə qatılır və bu da qurumla münasibətlərimizin səviyyəsinin əsas göstəricisidir. Vurğulandı ki, Azərbaycan NATO ilə fərdi əməkdaşlıq çərçivəsində əlaqələrə hər zaman xüsusi önəm verir. Ziyafət Əsgərov NATO-nun sülhməramlı əməliyyatlarında və beynəlxalq təhlükəsizlik proqramlarında Azərbaycanın iştirakından söz açdı.

Birinci vitse-spiker ölkəmizin bölgədə ərazilərin bölünməzliyi prinsiplərinə sadiq olduğunu vurğuladı. Lakin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionun təhlükəsizliyini ciddi təhdid altında saxladığını qeyd etdi. Bildirildi ki, BMT Təhlükəsizlik Şurasının, NATO-nun və digər qurumların qətnamələrinə məhəl qoymayan Ermənistan Azərbaycanın 20 faiz torpağını 25 ildən artıqdır işğal altında saxlayır. Bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşayır. NATO bu sahədə Azərbaycana dəstəyini artırmalıdır.

Ceyms Appaturay təmsil etdiyi qurumla ölkəmizin təmaslarının intensiv hal almasından məmnunluğunu ifadə etdi. Qonaq NATO ilə tərəfdaş olan ölkələrin dövlət idarəçiliyində xalqın tribunası olan parlamentlərin rolundan söz açdı. O, NATO-nun sülhməramlı əməliyyatlarında Azərbaycanın iştirakından danışdı və Əfqanıstanda təhlükəsizliyin qorunmasına verdiyi dəstəyə görə ölkəmizə minnətdarlığını bildirdi. Qonaq Dağlıq Qarabağ münaqişəsinin yaratdığı fəsadlara, ermənilər tərəfindən törədilən faciəli hadisələrə görə Azərbaycan xalqının məyusluğundan xəbərdar olduğunu bildirdi. O, problemin tezliklə sülh yolu ilə, beynəlxalq normalar çərçivəsində həllinə ümid etdiyini vurğuladı.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.