SİYASƏT
Azərbaycan-Norveç əlaqələrinin daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb
Bakı, 10 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov fevralın 10-da partiyanın mənzil - qərargahında Norveç Krallığının ölkəmizdəki səfiri Baard İvar Svendsen ilə görüşüb.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Əli Əhmədov səfirin maraq dairəsinə uyğun olaraq, Azərbaycanın siyasi mənzərəsi, Yeni Azərbaycan Partiyasının yaranma tarixi, keçdiyi inkişaf yolu, ictimai-siyasi həyatda mövqeyi və beynəlxalq əlaqələri barədə məlumat verib.
Səfir Baard İvar Svendsen Azərbaycanda sürətli inkişaf proseslərinin getdiyini söyləyib. O, ölkəmizdə son illər ərzində güclü iqtisadi inkişaf fonunda sosial durumun xeyli dəyişdiyini, əhalinin, o cümlədən qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin kifayət qədər yaxşılaşdığını qeyd edib.
Görüşdə Azərbaycan ilə Norveç arasında münasibətlərin daha da inkişaf etdirilməsinin hər iki ölkə üçün əhəmiyyəti vurğulanıb, qarşılıqlı əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.