İDMAN


Azərbaycan Olimpiya lisenziyalı Avropa çempionatına ev sahibliyi edə bilər

Bakı, 17 oktyabr, AZƏRTAC

Avropa Karate Federasiyası (EKF) rəhbərliyinin təşkilatçılığı və qitənin 30-dan artıq milli karate federasiyası rəsmilərinin iştirakı ilə növbəti videokonfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə qlobal pandemiya şəraitinin karatenin inkişafına mənfi təsirlərini azaltmaq və qarşıda nəzərdə tutulan yarışlarla bağlı müzakirələr aparılıb.

Dünya Karate Federasiyası (WKF) və EKF-in prezidenti Antonio Espinosun sədrliyi ilə videoknfransa qitə təşkilatının İcraiyyə komitəsinin üzvləri, o cümlədən Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Hakimlər Komitəsi və Təşkilat Komitəsinin rəsmiləri qatılıblar.

Pandemiyanın Avropada geniş yayılması səbəbindən, 2021-ci ilin ilk yarısına nəzərdə tutulan qitə çempionatlarının keçirilməsinə də federasiya rəsmiləri münasibət bildiriblər.

2021-ci ilin fevralında Finlandiyanın Tampere şəhərində nəzərdə tutulan yeniyetmə və gənclər arasında Avropa çempionatı İcraiyyə Komitəsinin qərarı ilə avqusta keçirilib. Qitə çempionatında yaşları həmin tarixlərə uyğun gələn idmançılar iştirak edəcəklər.

Gələn ilin mayında İsveçin Geteborq şəhərində planlaşdırılan Olimpiya lisenziyalı Avropa çempionatına aid müzakirələrdə, təşkilatçı ölkənin rəsmiləri yarışın keçirilməsi ilə bağlı bir sıra çətinliklərin yarandığını bildirib. Y.Bəşirov isə çıxışında qeyd edib ki, Azərbaycan bu məsul yarışı keçirməyə hazırdır.

Federasiya prezidentinin təklifini dərhal 10 ölkənin rəsmiləri dəstəkləyib. Qarşıdakı Avropa çempionatının keçirilmə yeri ilə bağlı yekun qərar yaxın zamanlarda veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.