REGİONLAR
Azərbaycan Ordusu 1992-ci ildə Xocalı faciəsini törədən düşmənə ötən il çox sarsıdıcı zərbə vurub
Naxçıvan, 26 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı keçirilən tədbirdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, fövqəladə hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov tədbirdə çıxış edərək xalqımızın başına gətirilən müsibətlərdən danışıb. Bildirib ki, tarixin bütün dövrlərində xalqımıza qarşı xəyanətkar mövqedə duran, fürsət düşən kimi öz məkrli niyyətlərini həyata keçirən ermənilər XX əsrin sonlarında – Sovetlər Birliyi adlandırılan nəhəng imperiya süquta uğrayan zamanda öz mənfur simalarını bir daha büruzə verdilər.
Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları imperiya qoşunlarının Xankəndindəki 366-cı motoatıcı alayının köməyi ilə gözlənilmədən hücuma keçib, Azərbaycanın ən qədim yaşayış məntəqələrindən sayılan Xocalını yerlə-yeksan ediblər. İnsanlığa sığmayan bu amansız soyqırımı hadisəsi, ağır cinayət aktı nəticəsində 613 nəfər günahsız soydaşımız xüsusi qəddarlıqla qətlə yetirilib, əliyalın, köməksiz insanlar ağır yaralanıb, itkin düşüblər.
“Yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalıda törədilən cinayətlər barədə əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb. 1994-cü ildə Ulu Öndərimizin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 26 fevralı “Xocalı Soyqırımı Günü” kimi qəbul edib. 1997-ci il fevralın 25-də isə ulu öndərimiz Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur”, - deyən Hikmət Kərimov vurğulayıb ki, bu gün dahi şəxsiyyətin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl işlər görülür. Ölkə başçısının 2014-cü il 13 fevral tarixli “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamının icrası nəticəsində əhəmiyyətli nəticələr əldə olunub.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili və planlaşdırılması bölməsinin rəisi, mayor Rəcəb Səfərov “Xocalı faciəsi xalqımıza qarşı törədilən soyqırımıdır”, Mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi Azadə Cəfərova “İşğaldan azad edilmiş torpaqlarımız xalqımızın Xocalı soyqırımı qurbanlarına vəfa borcudur” mövzularında çıxış edərək ermənilərin azərbaycanlılara qarşı dəfələrlə törətdikləri soyqırımı hadisələrindən danışıblar. Qeyd olunub ki, ötən il Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında tarixi zəfərə imza ataraq torpaqlarımızı işğaldan azad edib, Xocalı faciəsini törədən düşmənə sarsıdıcı zərbə vurub.
Sonda Xocalı faciəsi ilə bağlı sənədli filmə baxış olub.