REGİONLAR
Azərbaycan Ordusu Vətən müharibəsində hansı gücə qadir olduğunu göstərdi
Şamaxı, 25 iyun, AZƏRTAC
Şamaxıda İsmayıllı Regional Mədəniyyət İdarəsinin və Şamaxı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr olunan “Heydər Əliyev və ordu quruculuğu” adlı tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, qazilər, N sayılı hərbi hissənin bir qrup şəxsi heyəti, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev adına parkda təşkil olunan tədbirdə əvvəlcə Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova, N saylı hərbi hissənin mayoru Vüqar Quliyev, rayon gənclər və idman idarəsinin rəisi Şahmar Hüseynov, “Şəffaflıq” qəzetinin redaktoru, Birinci Qarabağ müharibəsinin qazisi Vahid Təkani çıxış edərək, ölkəmizdə ordu quruculuğundan danışıblar.
Çıxışlarda diqqətə çatdırılıb ki, ötən il sentyabrın 27-dən başlanan, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə tarixi Qələbə ilə başa çatan Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri hansı gücə qadir olduğunu göstərdi.
Sonra qazilər keçdikləri döyüş yollarından, ordumuzun uğurlarından, döyüşlərdə hərb tarixinə gətirilən yeniliklərdən danışıb, dövlətin diqqət və qayğısının hər zaman onların üzərində olduğunu söyləyiblər.
Tədbirdə bir qrup zabit və əsgər İsmayıllı Regional Mədəniyyət İdarəsi tərəfindən fəxri fərman və təşəkkürnamə ilə təltif olunub.
Sonda məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.