ORDU
Azərbaycan Ordusu Vətən müharibəsində qarşıya qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirdi
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycan Ordusunun ötən il sentyabrın 27-də başladığı genişmiqyaslı əks-hücum əməliyyatının əsas məqsədi 30 ilə yaxın düşmən tapdağı altında olan əzəli torpaqlarımızı işğaldan azad etmək idi. Bu amal uğrunda Azərbaycan Ordusu və xalqı dəmir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbə vurdu.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının zabiti, polkovnik Pərviz İbrahimov fevralın 9-da jurnalistlərə müsahibəsində deyib.
Pərviz İbrahimov bildirib ki, hərbi hissəmizin kollektivi Raket və Artilleriya Qoşunlarının tərkibində əks-hücum əməliyyatı zamanı düşmənin bir sıra müxtəlif obyektlərinə tək və qrup raket zərbələri endirməklə, eləcə də ümumqoşun bölmələrinin qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirməsi üçün düşmənin lazımi səviyyədə itkilər verməsinə nail olub.
Vətən müharibəsindən çıxarılan nəticələr onu göstərir ki, Azərbaycan Ordusu müharibə zamanı qarşıya qoyulmuş döyüş tapşırıqlarını müvəffəqiyyətlə icra edib. Hərbi hissəmiz hazırda döyüş hazırlığı proqramına uyğun olaraq bölmələrin səhra vərdişlərinin daha da artırılması istiqamətində fəaliyyətini davam etdirir.
Polkovnik vurğulayıb ki, qarşıda bir sıra mühüm məsələlər durur. Onlardan biri gecə məhdud görmə şəraitində dağlıq ərazilərdə atəş tapşırıqlarını yerinə yetirmək üçün düşmənə daha effektli raket zərbələri endirmək, həmçinin pilotsuz uçuş aparatları ilə qarşılıqlı fəaliyyəti genişləndirmək, onlardan alınan kəşfiyyat məlumatlarını təhlil etməkdir. Şəxsi heyət hazırda çöl dərsləri ilə məşğuldur. Onun mənəvi-psixoloji vəziyyəti daim yüksək səviyyədədir. Ordumuz daim Qələbə əzmi ilə yaşayacaq.