REGİONLAR
Azərbaycan Ordusu müstəqil dövlətçiliyimizin keşiyində hər an ayıq-sayıq dayanır
Qax-Zaqatala, 25 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Silahlı Qüvvələri bu gün Cənubi Qafqazda müasir hərbi texnika ilə təchiz edilmiş ən güclü ordudur. Vahid komandanlıq altında etibarla idarə olunan Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi bilik və bacarıqlara yiyələnmiş şəxsi heyəti dövlətimizi və xalqımızı təhdid edə biləcək hər bir təcavüzkara yetərincə cavab vermək gücündədir. Ordu sıralarında xidmət edən hər bir azərbaycanlı xidmət müddətini həyatının ən şərəfli dövrü sayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə iyunun 25-də Qax şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər barədə məlumat verib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon bölməsinin rəisi, polkovnik-leytenant Rövşən Ədilov məruzəsində çətin, kəşməkəşli və şərəfli quruculuq yolu keçən Milli Ordunun 100 illik şanlı tarixindən geniş bəhs edib.
X X X
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi Zaqatala rayonunda da silsilə tədbirlərlə qeyd olunub.
Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə çıxış edənlər Milli Ordunun yaradılması, möhkəmləndirilməsi və döyüş hazırlığının yüksəldilməsi sahəsində həyata keçirilən tədbirlərdən danışıblar. Bildirilib ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində Milli Ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırılıb. Vurğulanıb ki, müstəqil dövlətçiliyimizin keşiyində ayıq-sayıq dayanan Milli Ordumuz bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüzü bərpa etməyə və işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etməyə tam hazırdır.