REGİONLAR


Azərbaycan Ordusu müstəqil dövlətimizin tarixinə parlaq, qürurverici və şanlı səhifə yazdı

Xaçmaz, 25 iyun, Elxan Yusifli, AZƏRTAC

Azərbaycan Vətən müharibəsində hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın edib, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə gerçəkləşdirdi.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Xaçmaz rayon Tarix-Diyarşünaslıq Muzeyində 26 İyun- Silahlı Qüvvələr Gününə həsr olunan "Zəfər ordusu" adlı tədbirdə bildirilib.

Tədbir iştirakçıları əvvəlcə Xaçmazdakı Şəhidlər xiyabanına gələrək Vətən uğrunda canından keçən oğullarımızın xatirəsini yad ediblər. Burada “Şahinlər” hərbi komandasının üzvləri tərəfindən hərbi salamlaşma mərasimi təşkil olunub, qazi, mayor Tariyel Didarov, ehtiyatda olan hərbi qulluqçu Elnur Saidov çıxış edərək, Vətən müharibəsi şəhidlərinə ehtiramlarını nümayiş etdiriblər.

Daha sonra Xaçmaz rayon Tarix-Diyarşünaslıq Muzeyində davam etdirilən tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Muzeyin direktoru Pakizə Mehdiyeva bildirib ki, bu il əlamətdar bayram artıq qalib ölkənin ordu günü kimi qeyd olunur. Tədbir iştirakçılarına Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətindən bizə miras qalan milli ordu quruculuğu ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilib və Silahlı Qüvvələrimiz bu gün qüdrətli orduya çevrilib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının müavini Günel Nurəddinova qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu müstəqil dövlətimizin tarixinə parlaq, qürurverici, şanlı səhifə yazdı. 30 illik həsrətdən sonra doğma torpaqlara qovuşmaq naminə düşmən üzərində əzici qələbə qazandıq. Müzəffər Ali Baş Komandan və güclü ordumuz xalqımızı arzu və istəklərinə qovuşdurdu. Bütün dünyaya Azərbaycan xalqının əzmi, Azərbaycan Ordusunun döyüş qabiliyyəti nümayiş etdirildi.

Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının Gənclər birliyinin sədri Fərid Musayev, ehtiyatda olan hərbi qulluqçu, polkovnik leytenant, şəhid Kamil Şıxmuradovun qardaşı Mehman Şıxmuradov, Vətən müharibəsi qazisi, mayor Tarıyel Didarov, Qaradağlı kənd orta məktəbinin direktoru Gülşən Əhmədova, şəhid Mahir Məmmədovun qardaşı Habil Məmmədov, şəhid Qürbət Tarıverdiyevin anası, şəhid Nazir Xurşudovun övladları, tədbirdə iştirak edən Vətən müharibəsi qaziləri mövzu ilə bağlı çıxışlar ediblər.

Tədbirin bədii hissəsində vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib.

Sonda gənc rəssam Nurlananın tədbir zamanı canlı olaraq çəkdiyi hərbi-vətənpərvərlik mövzusundakı rəsminə, “Xaçmaz şəhidləri” fotostendinə və sərgisinə baxış keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.