CƏMİYYƏT


Azərbaycan Ordusu regionda sabitliyin və sülhün möhkəmlənməsinə xidmət edir

Bakı, 4 may, AZƏRTAC

Qırx dörd günlük Vətən müharibəsində əldə edilən Şanlı qələbə ordumuzun güc və qüdrətinin bariz nümunəsidir. Azərbaycan Ordusu regionda sabitlik və sülhün möhkəmlənməsinə xidmət edir. Vətən müharibəsi Azərbaycanın müasir və güclü orduya malik olmasını göstərdi. Bu gün, eyni zamanda, Azərbaycan Respublikasının NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramına qoşulmasının 27-ci ildönümüdür. Bu proqrama qoşulan ölkəmiz dünyanın bir sıra bölgələrində sülhyaratma missiyasında yaxından iştirak edib, bu sahədə böyük uğurlara imza atıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

O, Azərbaycanın NATO ilə əməkdaşlığının böyük perspektivə malik olduğunu vurğulayaraq deyib ki, Azərbaycan dövləti 1994-cü ildə NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulandan sonra dünyanın bir sıra qaynar nöqtələrində sülhün, təhlükəsizliyin təmin edilməsində iştirak edib, ən müxtəlif coğrafiyalarda sülhün təmin edilməsi prosesinə böyük töhfələr verib. Azərbaycan sülhməramlılarının fəaliyyəti NATO rəhbərliyi tərəfindən də hər zaman təqdirlə qarşılanıb, onların fədakarlığı, nümunəvi xidməti məxsusi olaraq qeyd edilib. Bir müddət əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevlə telefon söhbətində Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirib, sülhməramlılarımızın fəaliyyətindən məmnunluğunu bildirib. Bu, Azərbaycan Ordusunun peşəkarlığına verilən qiymətdir və Silahlı Qüvvələrimizin bu səviyyəyə çatmasında ən böyük pay sahibi məhz dövlətimizin başçısıdır. Azərbaycan bu gün də “Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərçivəsində fəaliyyətini davam etdirməkdə, dünyada sülhün və təhlükəsizliyin təmin edilməsində fəal iştirak etməkdədir. Ümumiyyətlə, Azərbaycan-NATO əməkdaşlığı hər iki tərəfin maraqlarına uyğundur.

Polkovnik qeyd edib ki, Azərbaycan sadəcə regionun deyil, dünyanın ən güclü ordularından birinə malikdir. Azərbaycan Ordusunun əsgər və zabitlərinin Vətən müharibəsi zamanı nümayiş etdirdiyi qəhrəmanlıq bunu bir daha sübut etdi. Ordumuzun Vətən müharibəsində göstərdiyi hərbi məharət, ən müasir hərbi texnologiyaların real döyüş əməliyyatında uğurla tətbiqi, yüksək fiziki hazırlıq NATO-ya üzv olan aparıcı dövlətlər tərəfindən də diqqətlə öyrənilməkdədir. Bu faktın özü Azərbaycan Ordusunun gücündən, onun döyüş hazırlığının səviyyəsindən xəbər verir.

Azərbaycan NATO ilə əməkdaşlıqda maraqlıdır və bunun üçün bütün lazımi addımları atır. Lakin istərdik ki, NATO-ya üzv olan dövlətlər Azərbaycanın haqq işinə daha çox dəstək versinlər. Xalqımıza qarşı ağır hərbi cinayətlər törədən Ermənistanın hərbi-siyasi rəhbərliyinin beynəlxalq hüquq müstəvisində cəzalanması təmin edilsin. Ermənistanın minalanmış ərazilərin xəritəsini ölkəmizə verməsi üçün bu ölkəyə təzyiq göstərilsin.

Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, bu gün Azərbaycan dövləti öz ordusunu gücləndirməkdə, onun döyüş hazırlığını inkişaf etdirməkdə davam edir. Prezident, Ali Baş Komandan İlham Əliyev də dəfələrlə bəyan edib ki, Silahlı Qüvvələrimizin inkişafı, möhkəmləndirilməsi prosesi bundan sonra da davam edəcək, ordumuzun dünyanın ən müasir silah və hərbi texnikası ilə təchiz edilməsi diqqət mərkəzində saxlanılacaq. Ordumuz Vətən müharibəsində Ermənistan ordusunu ağır məğlubiyyətə uğradaraq işğalçıları qovsa da, erməni faşizminin nə qədər təhlükəli, məkrli olduğu hər kəsə məlumdur. Bu gün Ermənistan daxilindəki bəzi qüvvələr revanşist çağırışlarla çıxış edir. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan Ordusu hər zaman istənilən təxribatın qarşısını almağa hazır olmalıdır. Ermənistan isə Qarabağdakı rüsvayçı məğlubiyyətindən dərs almalı, nəticə çıxarmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.