SİYASƏT


Azərbaycan Ordusu təkcə öz torpaqlarını erməni işğalçılarından azad etmir, həm də beynəlxalq hüququn tələblərini yerinə gətirir

Bakı, 21 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi ilkin mərhələdə - 1993-cü ildə BMT Təhlükəsizlik Şurası erməni işğalçı qruplaşmalarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə qəbul etdi və onların heç biri həyata keçirilmədi. Halbuki, onların reallaşdırılması imkanları var idi. Bu gün biz digər regionlarda BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra olunması ilə bağlı konkret mexanizmlərin qurulduğunu və bu qətnamələrin yerinə yetirildiyinin şahidiyik. Azərbaycana münasibətdə isə əksi baş verdi. Ona görə də bu gün Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad edir. Öz haqlı davasında böyük zəfərlər qazanır. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasını həyata keçirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Deputat deyib: “Düşünürəm ki, bu da bir növ BMT-nin nüfuzunun bərpasına xidmət edir. Çünki Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr icra olunmamış qalmışdı. Bu gün Azərbaycan Ordusu təkcə öz torpaqlarını erməni işğalçılarından azad etmir, eyni zamanda, beynəlxalq hüququn tələblərini yerinə gətirir. Buna paralel olaraq həm də BMT nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünün müdafiə hüququnu təmin edir ki, bu da bütün dünyada istər hüquq kontekstində, istər dövlətlərarası münasibətlərdə, istərsə də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar kontekstində haqlı addımlardır, təqdir olunmalıdır və olunur”.

H.Babaoğlu diqqətə çatdırıb ki, ötən müddət ərzində Azərbaycan öz suveren ərazilərini bərpa etmək üçün hüquqi bazanı bir qədər genişləndirib və onu hansısa hüquqa əsaslanaraq, ittiham edə biləcək mümkün perspektiv arqumentlərin hamısını istər beynəlxalq təşkilatlardan, istər erməniləri, işğalçılığı himayə edən dövlətlərdən alıb. Azərbaycan ötən illər ərzində hüquqi müstəvidə və qlobal ictimai rəydə haqlı olduğunu o qədər dəqiq və əsaslı şəkildə bütün subyektlərin diqqətinə çatdırıb ki, indi heç kəs Azərbaycanın bu addımlarını qınaya bilmir. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü var və faktiki olaraq onlardan 3-ü problemi həll etmək üçün mandat almış ATƏT-in Minsk qrupunun həmsədridir. Buna baxmayaraq, ATƏT-in Minsk qrupunun həmsədrləri olan Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa ötən illər ərzində problemin həll ilə bağlı qətiyyətli mövqe ortaya qoya bilmədilər. Yəni, Minsk qrupunun fəaliyyəti uğursuz oldu. 1992-ci ildən bu günə qədər heç bir uğur əldə edə bilməyən bir qurumun fəaliyyəti, əslində, fiasko hadisəsidir.

“Azərbaycan Ordusunun öz torpaqlarını işğaldan azad etməsi isə sırf milli kontekstdə bizim üçün böyük qürur, milli özünəinam, ordumuza güvən hadisəsidir. Ona görə də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra olunmaması, əslində, bizi hazırkı addımları atmağa məcbur etdi. Yəni, Azərbaycan bu gün artıq beynəlxalq hüquqa, vasitəçilərə güvənmir, özünə, ordusuna, Ali Baş Komandanına güvənir və müzəffər Ordumuz torpaqlarımızı işğaldan azad edir”, - deyə Hikmət Babaoğlu fikirlərini tamamlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.