SİYASƏT
Azərbaycan Ordusu xalqımızın qürur mənbəyi, təhlükəsizliyimizin qarantıdır
Bakı, 24 iyun, AZƏRTAC
Bu il 103 yaşını qeyd edən Azərbaycan Ordusu hər birimizin qürur mənbəyi və təhlükəsizliyimizin qarantıdır.
Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını şərəflə yerinə yetirərək, 30 il Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərimizi 44 gün ərzində düşməndən azad etdi. Ordumuz bununla öz tarixi missiyasını şərəflə yerinə yetirdi.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Deputat bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 2020-ci il Vətən müharibəsində qazandığı parlaq Qələbə ilə ölkəmizin tarixinin ən şanlı səhifəsini yazdı. Azərbaycan Ordusu müharibədə yüksək peşəkarlıq və döyüş taktikası nümayiş etdirərək əks-hücum əməliyyatları zamanı düşmən ordusunu darmadağın etdi. Silahlı Qüvvələrimizin müxtəlif qoşun növləri döyüş tapşırıqlarını yüksək dəqiqlik və peşəkarlıqla yerinə yetirdi. Bu əməliyyatlar Azərbaycan əsgərinin yüksək döyüş qabiliyyətliyini, hazırlıq səviyyəsini, ən əsası isə vətənpərvər ruhunu göstərdi. Azərbaycan əsgəri artıq qalib əsgərdir!.
S.Mikayılovanın sözlərinə görə, Ordumuz son onilliklərdə böyük inkişaf yolu keçib. Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin peşə hazırlığının müasir standartlara uyğun aparılması ərazi bütövlüyümüzün təmin olunmasını şərtləndirdi. Ordumuz yeni nəsil müharibə texnikasını uğurla tətbiq etməklə, “smart” silahlardan real döyüş meydanında yararlanmaqla dünya hərb elminə yeni əsrin innovativ döyüş üsulunu təqdim etdi. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsi dünyanın hərbi mərkəzləri, aparıcı ölkələrin hərbi strukturları, eləcə də müvafiq təşkilatlar tərəfindən diqqətlə öyrənilir, müasir hərb tarixində uğurlu döyüş taktikası kimi qəbul edilir.
Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazda ən qüdrətli ordu olmaqla bərabər, dünyanın 50 ən güclü ordusu sırasında yer aldığını bildirən deputat vurğulayıb: “Azərbaycan Ordusunun dinamik inkişaf tempi olduqca yüksəkdir. Prezident İlham Əliyevin dediyi kimi, biz Ordumuzu bundan sonra da gücləndirəcəyik və dünyada hansı müasir silah varsa, onlar da Azərbaycana gətiriləcək. Bu sahədə atılacaq addımlar, təbii ki, daha çevik, daha döyüşkən və yüksək döyüş qabiliyyətli ordusunun yaranmasına gətirib çıxaracaq”.