SİYASƏT


Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib

Bakı, 25 yanvar, AZƏRTAC 

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Azərbaycan Ordusunda iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 110 illiyi münasibətilə silsilə tədbirlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Çıxış edənlər Böyük Vətən müharibəsi illərində şücaət göstərmiş, qəhrəmanlıqları ilə yaddaşlarda iz qoyan, Vətən torpaqlarının azadlığı uğrunda son damla qanını belə əsirgəməyərək düşmənlə mübarizə aparan Azərbaycanın igid oğlu Həzi Aslanovun həyatı, döyüş yolu haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdən olan Həzi Aslanovun qəhrəmanlıqla dolu həyat yolu hər bir vətəndaşımız üçün nümunədir.

Tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi qəhrəmanlığı tərənnüm edən musiqi proqramı ilə çıxış edib. Həmçinin Həzi Aslanovun həyatı və hərbi fəaliyyətindən bəhs edən sənədli film və sərgilər nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.