ORDU
Azərbaycan Ordusunda hərbi beşnövçülük üzrə birincilik yarışları start götürüb
Bakı, 27 aprel, AZƏRTAC
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və “Qaraheybət” təlim mərkəzinin bazasında hərbi qulluqçular arasında hərbi beşnövçülük üzrə birincilik yarışları keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışların açılış mərasimi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ümummilli liderimiz Heydər Əliyevin, o cümlədən ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Müdafiə Nazirliyinin zabiti, polkovnik Sadiq Paşayev açılış mərasimində çıxış edərək orduda şəxsi heyətin fiziki hazırlığının daim diqqət mərkəzində olduğunu vurğulayıb.
Yarışda qoşun növlərini və birləşmələri təmsil edən 14 komanda fərdi və komanda birinciliyi uğrunda mübarizə aparır. Ümumilikdə 80-dək hərbi qulluqçu maneələr zolağının dəf edilməsi, atış, qumbaraatma, 8 kilometr məsafəyə kross və üzgüçülük növləri üzrə yarışlarda güclərini sınayırlar.