SİYASƏT


Azərbaycan Ordusunun 100 illik yubileyinə həsr olunan yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb VİDEO

AZƏRTAC-ın əməkdaşı müsabiqənin qalibi olub

Bakı, 25 iyun, AZƏRTAC

Müdafiə Nazirliyinin və Mətbuat Şurasının Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə elan etdiyi yazı müsabiqəsinin qaliblərinin iyunun 25-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, müsabiqənin məqsədi Azərbaycan Ordusunda həyata keçirilən genişmiqyaslı islahatların, qoşun növlərində və qisimlərində əldə olunan nailiyyətlərin, tətbiq edilən qabaqcıl təcrübənin, hərbi hissələrdə aparılan tikinti-quruculuq işlərinin, hərb işinin müxtəlif sahələrində qazanılan uğurların, eləcə də hərbi mövzuları əks etdirən digər məsələlərin kütləvi informasiya vasitələrində obyektiv işıqlandırılması, təbliği, habelə ictimaiyyətlə ordu arasında əlaqələrin daha da genişləndirilməsini təmin etməkdir.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev tədbirdə çıxış edərək Azərbaycan Ordusunun inkişafının təbliğində və dünyaya çatdırılmasında KİV nümayəndələrinin rolunu yüksək qiymətləndirərək deyib: “Bu bayram təkcə Orduda xidmət edənlərin deyil, bütün xalqımızın, millətimizin bayramıdır. Bugünkü tədbirimizin məqsədi Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar jurnalistlər arasında Müdafiə Nazirliyinin və Mətbuat Şurasının birgə elan etdiyi yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılmasıdır. Qaliblərin hər birini təbrik edirəm”.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Silahlı Qüvvələrin 100 illiyinin Azərbaycan xalqının bayramı olduğunu vurğulayaraq bildirib: “Biz Azərbaycan Ordusu ilə fəxr edirik. Azərbaycan əsgəri qəhrəmandır, döyüş bizim alnımıza yazılıb. Cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti bu dövrün altı ayını müharibə şəraitində keçirib və bu müddətdə böyük işlərə, hərbi uğurlara imza atıb. Qısa dövrdə müasir ordu formalaşdırılıb”.

Bu yaxınlarda Milli Məclisdə Silahlı Qüvvələrlə bağlı qanunvericiliyə dəyişiklik edildiyini deyən Ə.Amaşov bildirib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri bölgədə ən güclü ordudur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmasa, əminik ki, müzəffər Ordumuz Azərbaycan torpaqlarını tezliklə işğaldan azad edəcək. Ordu ilə xalq arasında əlaqələrin möhkəmlənməsində medianın böyük rolu var. Azərbaycan mediası Müdafiə Nazirliyinin fəaliyyətini həmişə yüksək qiymətləndirir. Silahlı Qüvvələrimizlə bağlı bütün məsələlərdə Azərbaycan mətbuatı yalnız dövlətçilik mövqeyindən çıxış edib. Bu gün ordu ilə jurnalistlər arasında çox böyük qırılmaz əlaqələr var və biz bu əməkdaşlığı daha da möhkəmləndirəcəyik”.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı müsabiqə ilə bağlı nazir, general-polkovnik Zakir Həsənovun əmrini mərasim iştirakçılarının diqqətinə çatdırıb.

Müsabiqə haqqında məlumat verən xidmət rəisi bildirib ki, “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinə 70-ə yaxın məqalə təqdim olunub. Müsabiqəyə martın 30-dan iyunun 10-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında dərc edilən yazılar buraxılıb. Təqdim olunan yazılarda üstünlük mövzunun dolğun əhatə edilməsinə, faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyətinə, ifadə vasitələrinin zənginliyinə, oxucu üçün informativlik dərəcəsinə, müqayisəli təhlil üslubundan istifadəyə verilib.

Qeyd edilib ki, müsabiqəyə təqdim olunan yazılar diqqətlə yoxlanıldıqdan sonra qalib müəyyənləşdirilib. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyinə həsr edilən “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinin qalibi Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov olub. AZƏRTAC-ın daha bir əməkdaşı Təhminə Hümbətova da fəxri fərman ilə təltif edilib.

Müsabiqədə iki nəfər ikinci, üç nəfər üçüncü yerə, beş nəfər isə həvəsləndirici mükafatlara layiq görülüb. Bundan başqa, müsabiqə iştirakçılarının bir qrupuna qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim edilib.

Sonra qaliblər mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.