SİYASƏT


Azərbaycan Ordusunun Vətən müharibəsində qələbəsi regionun taleyini həll etdi

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan Ordusunun Vətən müharibəsində qələbəsi bütün regionun gələcək taleyini həll etdi. Müharibə Silahlı Qüvvələrimizin qüdrəti ilə yanaşı, həm də xalqımızın sarsılmaz mübarizə əzmini ortaya qoydu.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, bu qələbə sadəcə Azərbaycan üçün deyil, regiondakı digər dövlətlər üçün də yeni bir dönəmin başlanması deməkdir: “Şübhəsiz, Azərbaycan Ordusunun qalibiyyəti, sadəcə ölkəmiz üçün deyil, regiondakı digər dövlətlər üçün də yeni bir mərhələnin başlanması deməkdir. Çünki Azərbaycan erməni faşizmini məğlub etməklə, regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verdi, habelə iqtisadi inkişaf üçün geniş perspektivlər açdı.

Ermənistanın 30 ilə qədər davam edən işğalı bütün regionun inkişafı üçün başlıca əngəl idi. 44 günlük Vətən müharibəsində əldə edilən qələbə bu əngəli ortadan qaldırdı. İşğaldakı torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda başda qardaş Türkiyə olmaqla, bir sıra dost dövlətlər bərpa və yenidənqurma işinə start verib ki, bu da həm ölkəmizin, həm də bütün regionun iqtisadi inkişafı baxımından böyük əhəmiyyətə malikdir”.

Cəlil Xəlilov qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun döyüş hazırlığı ilə yanaşı, xalqın mübarizə əzmini də nümayiş etdirdi. Qırx dörd günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan Ordusu həqiqətən də ən çətin, ən mürəkkəb tapşırıqların belə öhdəsindən gəlməyə, onları müvəffəqiyyətlə icra etməyə qadirdir. Bu, Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən ordu quruculuğu prosesinin nə qədər effektiv olduğunu sübut etdi. Vətən müharibəsi ordumuzun gücü ilə yanaşı, xalqımızın vətənpərvərlik ruhunu, torpaq, bayraq sevgisini də bütün əzəməti ilə ortaya qoydu.

Gənclərimiz döyüşmək, işğaldakı torpaqları azad etmək üçün çağırış məntəqələri qarşısında uzun növbələr yaradır, hər vasitə ilə bu döyüşlərdə iştirak etməyə can atırdılar. Amma həmin vaxt minlərlə erməni gənci silahını, ona həvalə edilən texnikanı döyüş meydanında ataraq qaçır, kütləvi şəkildə fərarilik edirdi. Müharibə dönəmində Ermənistanda on min nəfərdən çox hərbçi döyüş mövqeyini özbaşına tərk edərək fərarilik edib. Bunu Ermənistanın rəsmi dövlət qurumları da etiraf edir. Azərbaycanda isə insanlar hər vasitə ilə orduya kömək etməyə can atır, torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə iştirak etmək üçün əlaqədar dövlət qurumlarına ardıcıl müraciətlər edirdilər. Müharibə dönəmində orduya dəstək məqsədi ilə çoxlu sayda kampaniyalar təşkil edildi ki, bu kampaniyalarda cəmiyyətin bütün təbəqələri yaxından iştirak etdi.

Cəlil Xəlilov 26 İyun – Silahlı Qüvvələr Günü ilə bağlı bütün hərbçiləri təbrik edərək onlara şərəfli xidmətlərində uğurlar arzulayıb: “Hərbçilərimiz əmin olsunlar ki, Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlar, xalqımıza bəxş etdikləri qələbə şanlı tariximizin ən parlaq səhifələrindən biri kimi daim qürur hissi ilə yad ediləcək və alqışlanacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.