SİYASƏT


Azərbaycan Ordusunun maddi-texniki təminatı yüksək səviyyədə həyata keçirilir

Bakı, 26 iyun, AZƏRTAC

26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətləri ictimaiyyətə çatdırmaq və ordumuzun geniş təbliği məqsədilə Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin arxa cəbhə idarəsinin tabeliyində olan Mərkəzi Əşya Bazasına və Mərkəzi Ərzaq Anbarına media-tur təşkil olunub.

AZƏRTAC xəbər verir ki, media-tur çərçivəsində media nümayəndələri Mərkəzi Əşya Bazası və Mərkəzi Ərzaq Anbarı ilə yaxından tanış olub, onlara buradakı şərait barədə ətraflı məlumat verilib.

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Ordumuzun qüdrətli bir qüvvəyə çevrilməsi istiqamətində fəaliyyəti, Azərbaycan Ordusunun bütün növ təminatları ilə yanaşı, arxa cəbhə xidmətlərinın maddi vəsaitlərlə də tam təmin edilməsi ilə nəticələnib. Ordumuzun inkişafının prioritet istiqamətlərdən biri də hərbi qulluqçuların təminatının və məişət şəraitinin yaxşılaşdırılmasıdır.

2013-cü ildə Azərbaycanın müdafiə naziri vəzifəsinə general-polkovnik Zakir Həsənov təyin olunduqdan sonra ordumuzda əsaslı islahatların aparılmasına başlanılıb. Bütün təminat növləri ilə bağlı islahatlarla yanaşı, ordumuzun şəxsi heyətinin əşya təminatında da köklü dəyişikliklər edilib. Bu məqsədlə əşya təminatının dünya standartlarına uyğunlaşdırılması üçün 2016-cı ildə müdafiə nazirinin təşəbbüsü ilə bu məsələyə yenidən baxılıb. Tərəfdaş ölkələrin təcrübəsindən faydalanaraq, ordumuzun istifadəsi üçün nəzərdə tutulan əşya əmlaklarının keyfiyyəti daha da yaxşılaşdırılıb. Əşya təminatı normalarına əlavə dəyişikliklərin edilməsi ilə bağlı Nazirlər Kabinetinin 2016-cı il 24 may tarixli qərarı əsasında müdafiə nazirinin 2016-cı il 29 avqust tarixli qərarı ilə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin dinc dövrdə əşya təminatı haqqında Əsasnamə” qüvvəyə minib. Hazırda 2016-cı il 29 avqust tarixli qərara uyğun olaraq, Azərbaycan Ordusunun şəxsi heyəti müxtəlif ərazi iqlim və qoşun növlərinə uyğun əşya əmlakı ilə təmin edilir. Azərbaycan Ordusunun hissə və birləşmələrinin əşya təminatı Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin arxa cəbhə idarəsinin tabeliyində olan Mərkəzi Əşya Bazası vasitəsilə həyata keçirilir. Mərkəzi Əşya Bazası ordumuzu əşya əmlakı ilə təmin etmək üçün lazımi infrastruktura malikdir. Baza inzibati və texniki hissələrdən ibarətdir. İnzibati ərazidə xidməti otaqlar, hamam-camaşırxana kombinati, park, yanğınsöndürən komanda və şöbələr yerləşir. Texniki ərazidə isə əşya əmlakı saxlamaq üçün bina və konstruksiyalardan ibarət saxlanclar mövcuddur. Mərkəzi Əşya Bazasında, həmçinin əşya əmlakının nümunələri otağı da yaradılıb. Burada bütün qoşun növlərinin geyim nümunələri saxlanılır.

Ötən müddətdə Mərkəzi Əşya Bazasında maddi vəsaitlərin keyfiyyətli saxlanması və qoşunlara verilməsi məqsədilə yeni saxlanclar inşa edilib, bəzi saxlanclarda isə əsaslı təmir işləri görülərək müasir standartlara uyğunlaşdırılıb. Əşya əmlakının qoşunlara daşınması avtomobil nəqliyyatı ilə yanaşı, dəmir yolu nəqliyyatı ilə də həyata keçirilir. Bu səbəbdən Mərkəzi Əşya Bazasının ərazisində olan dəmir yolu əsaslı təmir olunaraq əşya əmlakının daşınması üçün istifadəyə verilir.

Müəssisələr tərəfindən gətirilən əmlakların yoxlanması üçün əşya əmlakının müayinə və keyfiyyətinə nəzarət laboratoriyası mövcuddur. Müayinə və keyfiyyətə nəzarət laboratoriyası nümunələrin dartılma, sıxılma kimi fiziki davamlığını, rezin materialların aşınmağa davamlığını, nümunələrin hava keçirməsinin və partlama qüvvəsinin sürtünməyə qarşı davamlığını, əmlak ütülənərkən rənginin həssaslığını, yağışa qarşı davamlığını rənginin təbii iqlim şəraitinə qarşı həssaslığını, dərinin və parça materialların su keçirməsinin sınağı, ayaqqabının statik şəraitdə və dərinin dinamik şəraitdə su keçirməsinin sınağı, nümunələrin yuyulması, külləmə, əritmə, isitmə və qurutma proseslərini təyin etmək dəri materialların sərtliyini ölçmək üçün cihazlarla təchiz edilib. Bu vasitələrdən istifadə edərək əşya əmlakı müvafiq qaydada yoxlanılır və yalnız tələblərə cavab verən əşya əmlakları Mərkəzi Əşya Bazasının saxlanclarına qəbul edilir.

Hazırda yay mövsümü olduğuna görə əşya xidmətinin əsas vəzifələrindən biri, ilk növbədə, soyuq iqlimli yüksək dağlıq ərazilərdəki bölmələrin qış təminatının tədarükünü həyata keçirməkdən ibarətdir. Əşya xidmətinin qarşısında duran ən vacib məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə, çətin iqlim şəraitində yerləşən hərbi hissələrinin şəxsi heyətini isti və inventar əmlaklarla təminatını təşkil etməkdir. Azərbaycan Ordusunun işğaldan azad edilmiş ərazilərdə, çətin iqlim şəraitində yerləşən bölmələrinin hamam-camaşırxana xidməti tam səmərəli şəkildə hərbi hissənin səhra hamamı, səhra camaşırxanası və mülki müəssisələr tərəfindən həyata keçirilir. Daimi yaşayış məntəqəsindən kənarda olan şəxsi heyətin hamam-camaşırxana xidmətinin səmərəli təşkili üçün lazımi şərait yaradılıb. Əşya təminatında sanitar-gigiyena qaydalarına ciddi surətdə əməl edilir. Bu məqsədlə müasir tələblərə uyğun yuyucu vasitələr müvafiq qaydada alınır və hərbi hissələr tərəfindən istifadə edilir. Müdafiə nazirinin əmrinin tələblərinə uyğun olaraq xidmət müddətində şəxsi heyət bir dəfə mərkəzləşdirilmiş qaydada sanitar-gigiyenik ləvazimat və təsərrüfat əmlakı ilə təmin edilir. Hazırda Azərbaycan Ordusunda bir əsgərin normaya uyğun təminatı heç də müasir orduların təminatından fərqlənmir və ordumuzun əşya təminatı dünyada qəbul edilmiş keyfiyyət standartlarına uyğundur.

Şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bir sıra yeniliklər həyata keçirilib. Ötən illərdə qoşunlarda şəxsi heyətin əşya təminatının yaxşılaşdırılması əşya əmlakının və yuyucu maddələrin vaxtlı-vaxtında alınması, əşya təminatı normalarının ödənilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Yeni inşa edilmiş hərbi şəhərciklər və müasir tələblərə tam cavab verən hamam-camaşırxanalar, məişət otaqları və əsgəri kazarmaları şəxsi heyətin istifadəsinə verilib. Bu istiqamətlərdə dəyərli keyfiyyət dəyişiklikləri davam etməkdədir. Azərbaycan Ordusunun işğaldan azad olunmuş ərazilərdəki hərbi hissələrin müasir tələblərə cavab verən infrastrukturla, o cümlədən hamam-camaşırxana təminatının yeni müasir avadanlıqlarla təchizatı başa çatmaq üzrədir.

Azərbaycan Ordusunun şəxsi həyatının hərbi hissələrə yeni çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının mütəmadi olaraq mövsümə uyğun əşya təminatı normalarının tam şəkildə çatdırılması daimi nəzarətdə saxlanılır. Ordumuzun vaxtlı-vaxtında əşya əmlaki ilə təmin edilməsi və geyim növlərinin zamanın tələbinə uyğun modernləşdirilməsi üçün 2013-cü ildən başlayaraq hər il bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir.

Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarının rəisi polkovnik-leytenant Camal Kərimov AZƏRTAC-a müsahibəsində bildirib ki, anbarda Azərbaycan Ordusunun şəxsi heyəti fasiləsiz və keyfiyyətli ərzaqla təmin edilir: “Mərkəzə ərzaq sifarişlər əsasında şirkətlər tərəfindən gətirilir. Bu ərzaq məhsullarının keyfiyyəti Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Baytarlıq Laboratoriyasında yoxlanılır, normalara uyğun şəxsi heyətə çatdırılır. Saxlama müddəti olan ərzaq məhsullarının hər birinin öz saxlama texnologiyası və temperaturu var. Bütün bunlar hesablanmış qaydada təminata buraxılır. Anbarda biraylıq ərzaq ehtiyatı saxlanılır”.

Müdafiə Nazirliyinin Mərkəzi Əşya Bazasının baş zabiti, mayor Şəhriyar Cəbrayılov qeyd edib ki, Azərbaycan Ordusunun şəxsi heyəti əşya əmlakları ilə ildə iki və dörd dəfə təmin olunur: “Zabit, gizir və müddətdən artıq hərbi qulluqçulara müvafiq təminat normalarına uyğun yaz-payız mövsümündə bütün növ əşya verilir. Müddətli həqiqi hərbi qulluqçular isə ildə dörd dəfə çağırış rüblərinə görə səhra geyimləri, şəxsi gigiyena, yuyucu vasitələr və digər yataq ləvazimatları ilə tam şəkildə təmin edilirlər”.

Bazanın rəisi, polkovnik Şaiq Abbasov deyib ki, hazırda Ordumuz müasir tələblərə uyğun bütün növ əmlaklarla təmin edilir. Bu təminat aparıcı dövlətlərin orduları ilə müqayisə ediləcək dərəcədədir. Məhsullar həm yerli, həm də qardaş Türkiyə dövlətinin istehsalıdır. Azərbaycan Ordusunun şəxsi heyəti əşya əmlakları və ləvazimatlarla bütün mövsümlərdə fasiləsiz təmin edilir. İşğaldan azad olunmuş ərazilərdə müasir standartlara uyğun saxlanclar inşa edilib. Gənc əsgərlər ildə dörd dəfə normalara uyğun bütün əmlaklarla - geyim ləvazimatları ilə təmin olunurlar.

Mərkəzi Hərbi Baytarlıq Laboratoriyasının rəisi polkovnik-leytenant Anar Məmmədov vurğulayıb ki, laboratoriya 1994-cü ildən fəaliyyət göstərir. 2018-ci ildə laboratoriya yenidən qurulub və ən müasir avadanlıqlarla təchiz olunub. O qeyd edib ki, qurumun iş fəaliyyəti qida təhlükəsizliyi ilə bağlı ölkəmizdə qəbul olunmuş normativ hüquqi aktların və beynəlxalq standartların tələblərinə uyğun təşkil edilib: “Laboratoriyanın vəzifəsi Müdafiə Nazırliyinin şəxsi heyətinin qidalanması üçün nəzərdə tutulan ərzaq məhsullarının keyfiyyətinə nəzarət etməkdir. Burada altı bölmə fəaliyyət göstərir. Ərzaq məhsulları Mərkəzi Ərzaq Anbarına qəbul edilməzdən əvvəl laboratoriyanın mütəxəssisləri tərəfindən onlardan orta nümunələr götürülür və fiziki-kimyəvi, bakterioloji, radioloji və toksikoloji müayinələrdən keçirilir. Müayinə olunmuş ərzaqlar dövlət standartlarının və qida təhlükəsizliyi normativ aktlarının tələblərinə cavab verdikdə onların keyfiyyətinə dair müvafiq rəy tərtib edilir və yalnız bundan sonra Mərkəzi Ərzaq Anbarının saxlanclarına qəbul edilir”.

Polkovnik-leytenant Aqil İsmayılov Vətən müharibəsində Cəbrayıl, Xocavənd, Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak etdiyini bildirib. O, relyefin çətin olmasına baxmayaraq, istər əşya, əmlak, istərsə də ərzaqla təminatın yüksək səviyyədə təşkil edildiyini deyib: “Döyüş vaxtı çox çətin şəraitdə irəliləməyimizə baxmayaraq təminat hərtərəfli idi. Bütün çətinliklərə baxmayaraq, təminatda olan hərbi hissələr bunun öhdəsindən gəldilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.