REGİONLAR
Azərbaycan Ordusunun şəhid hərbçisi ilə vida mərasimi keçirilib VİDEO
Tovuz, 21 sentyabr, AZƏRTAC
Sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.
AZƏRTAC xəbər verir ki, şəhid hərbçimizin nəşi doğulub boya-başa çatdığı Tovuz rayonunun Qaziqulu kəndinə gətirilib. Şəhidimizin cənazəsi böyük izdihamla qarşılanıb.
Vida mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, kənd sakinləri, rayon ictimaiyyətinin təmsilçiləri və şəhidin ailə üzvləri iştirak ediblər.
Sonra hərbçimizin nəşi Tovuz şəhər qəbiristanlığında torpağa tapşırılıb, məzarı üzərinə tər qərənfil və qızıl güllər düzülüb.
Şəhidin tabutu üzərindəki Azərbaycanın üçrəngli bayrağı onun azyaşlı oğluna təqdim edilib.
Qeyd edək ki, şəhid hərbçinin 3 azyaşlı oğlu var.